Adil Qaçayoğlu
Yenə Yeni ili birlikdə qarşılayırıq: atam, anam, Balakəndə işləyən ortancıl qardaşım, Bakıda təhsil alan sonbeşiyimiz və mən.
Atam həmişəki kimi ləngisə də, işdən qayıdıb, anam dünyanın naz-nemətini stolun üstünə düzüb, qardaşlarım bir-birindən mehriban. Mən də yavaş-yavaş o dövrdə Azərbaycanın bəlkə də ən populyar qəzeti sayılan “Azərbaycan gəncləri”nə isinişirəm…
Balakəndə çıxan rayon qəzetindəki 5 il 5 günlük “cəhənnəm əzabından” (Acizanə surətdə xahiş edirəm ki, məni düzgün başa düşün: “Şən həyat”da keçdiyim, necə deyərlər, həyat məktəbini, böyük qayğı və hörmət gördüyüm redaktorları, qısa müddətdə qaynayıb-qarışdığım iş yoldaşlarımı, Balakənin mehriban camaatını nəinki indi – üstündən 20 il keçəndən sonra, yəqin ki, ömrümün sonuna kimi minnətdarlıqla xatırlayacağam. Amma rayon partiya komitəsindəki yerli-yersiz, mənasız iclaslardan, ən başlıcasısa, çox vaxt insanların mənən alçaldılmasıyla müşayiət olunan, haqq-nahaq cəzalandırılmasıyla yekunlaşan bürolardan, kənd təsərrüfatına heç bir fayda verməyən, di gəl kampaniya xətrinə ildən-ilə “ağı çıxarılan” iməciliklərdən təkcə mən bezməmişdim) sonra “Azərbaycan gəncləri”ndəki iş əsl cənnətə bənzəyirdi.
Düzdü, rayondan paytaxta qayıdışdan (Allah xətrinə, bu sözdə başqa məna axtarmayın) keçən 1 il 3 ay da çətinliklərsiz ötüşməmişdi. Bir neçə dəfə kirayə yerini dəyişməli, hətta arada bir neçə ay yarımzirzəmini xatırladan otaqda yaşamalı olmuşdum. Axır ki, oktyabrın əvvəllərində dostların köməyi ilə Yasamalda ayrıca həyətdə iki otaqlı ev tapmışdım. Balaca otaq bir şeyə yaramırdı, nə işığı, nə də qazı vardı, amma böyük otaqda mənfur sovet hökumətinin qazı gurhagur yanırdı, işıq da öz qaydasında. Necə deyərlər, yaşa, yarat. Adama ayrı nə lazımdı ki…
“Azərbaycan gəncləri”nə isinişməyim də elə asanlıqla başa gəlməmişdi. Elm və təhsil müəssisələri şöbəsinin müdiri – tələbəlik yoldaşım, dostum, yerlim (burada bir nida işarəsinə elə ehtiyac var ki, gəl görəsən!..) və “Azərbaycan gəncləri”ndə işə düzəlməyimin əsas səbəbkarı Elçin Mehrəliyev düz 1 il yazılarımı, o dövrün qəzetçilərinin sözü ilə desək, eninə də kəsib doğramışdı, uzununa da. Nə gizlədim, rayon qəzetində yazıları az qala makinadan çıxar-çıxmaz mətbəəyə göndərilən bir adama ilk vaxtlar bu, çox “dəhşətli” gəlirdi. Və bir ara rayonda evimizi, atamı, anamı qoyub, “gül kimi işimi tullayıb” Bakıya gəldiyim üçün peşman da olmuşdum. Amma son aylar Elçin yazılarıma az əl gəzdirir, arabir “Tənbəlliyin daşını atsan, səndən nəsə çıxar” deyə zarafatından qalmırdı. Hətta bir kənd müəllimi haqqında zarisovkamın nöqtəsinə-vergülünə də toxunmamışdı.
1983-cü il belə gəlirdi.
Dünyada ən əziz adamlarım şad və xürrəm. Yaşamağa ev, işləməyə yer. Bir loxma çörək dərdi yox. Özüm də cavan, sağlam və subay oğlan.
İndi gəl həmin günlərin xiffətini çəkmə, görüm, necə çəkmirsən!
Bakıya yanvarın 2-də qayıtdım. Möhkəm qar yağmışdı. Azneft meydanında avtobusdan düşüb bir taksi sürücüsünü, çətinliklə də olsa, Yasamala qalxmağa razı saldim. Bir az aralıdan həyət qapısını açıq görəndə o qədər də narahat olmadım. Çünki ev sahibinin üzünü belə görməmişdim. Haradasa şəhərin mərkəzində evi vardı, buranı kirayə verməyisə qapıbir qonşusuna etibar eləmişdi. Həyət qapısının bir açarı da qonşudaydı. Mən də onunla danışıb kəsişmişdim. Hər ayın əvvəlində kirayə pulunu da qonşuya verirdim (Yanvarın pulunu da rayona getməzdən əvvəl “başımdan eləmişdim”). Amma…
…Qapıdan içəri girəndə başıma sanki bir qazan qaynar su tökdülər. Həyətdə bir evin şey-şüyü. Cavan ər-arvad, bir-birindən balaca üç qız uşağı və qonşum. Birinci də o dilləndi:
– Ay qonşu, harda qalmısan, 2 saatdı səni gözləyirik…
Bilmirəm sözlər ağzımdan necə çıxır:
– Rayondan gəlirəm…
– Bəs işdə deyildin?
– Əşi, nə iş, bu gün hələ bayram deyil?
Qapını açıb işığı və qaz sobasını yandırana qədər aramızda bu mükalimə gedir: “Qonşu, bu nə haqq-hesabdı?”. “Vallah, mənlik deyil, ev sahibinin qohumlarıdı. Haradasa kirədə qalırlarmış. Ev yiyəsi ayağını dirəyib ki, bu gün çıxmalısınız. Bu evin sahibi də deyib ki, gedin yığışın Yasamala. Bunlar da şey-şüylərini götürüb gəliblər. İndi neyləyək?”.
Neyləyək? Mən nə bilim neyləyək?
Bunlar ürəyimdən keçir. Ürəyimdən başqa sözlər də keçir: “Axı biz bir illiyə danışmışıq”, “Axı yanvarın pulunu bəri başdan vermişəm”. “Axı belə şeyi adama ən azı bir ay əvvəl deyərlər, mən də işimi bilərəm”. “Axı bu köpəyoğlu sovet hökumətinin qanunlarında da var ki, kirayənişini qışda evdən çıxarmaq olmaz”…
Amma qarın üstündə ayaqlarının birini götürüb birini qoyan üç balaca qız uşağının göyərmiş sifətlərinə baxıb bu sözləri deməkmi olar?!
– Keçin içəri, görək başımıza nə gəlir…
Nə gələcək? Razılaşırıq ki, bizim pal-paltarımızı balaca otağa yığaq, onlar da böyük otaqda yerləşsinlər. Sabahdan da başlayıram qışın bu oğlan çağında ev axtarmağa…
Gözəl başladın, 83!
Sən demə, bu, hələ “jurnalmış”…
***
…Səhərisi gün şöbəmizin qapısını açıb içəri girəndə çox yəqin ki, sir-sifətimdən zəhər yağırdı. Çünki düz-əməlli görüşməmiş Elçin soruşdu:
– Deyəsən, xəbərin var…
Ürəyimdən keçdi ki, deyəm xəbərin var nədi, gecə balaca otaqda səhərə kimi sitildəmişəm. Amma mexaniki şəkildə başqa sual verdim:
– Nədən?
– Səni Şakir müəllimin şöbəsinə keçirdilər.
– Nə???
Nə gözəl gəlirsən, 83!
…Rayona getməyə görə üç gün də işdən icazə almışdım. Sən demə, həmin günlərin birində redaksiyada böyük iclas keçirilib, şöbələrdə ciddi yerdəyişmələr aparılib (O vaxtlar köhnə ilin sonunda və yaxud təzə ilin əvvəllərində belə iclaslar adi şeydi). Məni də keçiriblər təbliğat və təşviqat şöbəsinə…
Bilirəm ki, “Təbliğat və təşviqat” redaksiyanın ən aparıcı və ağır şöbələrindən sayılır. Şöbə müdiri Şakir Yaqubovsa qəzetin əsas simalarından biridi. Savadı, mütaliəsi, erudisiyası hamıya nümunə göstərilir. Bəzi həmkarlarım onu “xodyaçi ensiklopediya” adlandırırlar. Qələmi də öz yerində. Yeganə şöbə müdiridi ki, oxuyub qol çəkdiyi yazılar birbaşa mətbəəyə göndərilir. Amma deyirlər ki, xasiyyəti yaman tünddü.
– Müdir (bilmirdim niyə, amma “Gənclər”də əksər işçilər şöbə müdirlərinə belə müraciət edirdilər. Özü də bu ənənənin bünövrəsi çoxdan qoyulmuşdu və nəsillər onu pozmurdu), deyəsən, məni başından eləyirsən?
…Nə gizlədim, Elçinlə tələbə yoldaşlığından (məhz beş il bir yerdə oxumağımızdan, dostluğun, yerliliyin bura qətiyyən dəxli yoxuydu) arabir – gərək axıracan səmimi olam – yetərincə sui-istifadə edirdim. İşə tez-tez gecikirdim. Balakəndən gələn dost-tanışın bir zəngi kifayətiydi ki, işi qoyub gedəm. Xoşum gəlməyən tapşırığın dalınca getmirdim (Bir neçə il sonra özüm şöbə müdiri olanda başa düşdüm ki, Elçin mənim əlimdən nələr çəkib. Böyük insanıymışsan, ay müdir!).
– Başın xarab olub?
Səhər-səhər qapıdan girəndə sifətimdən zəhər yağırmışsa, qanunla gərək indi zəhrimar töküləydi, yoxsa Elçin belə tez ciddiləşməzdi:
– Vallah, mənlik deyil. Yusif müəllim özü iclasda dedi ki, Adil rayondan qayıdan kimi keçsin “təbliğata”. İstəyirsən, get, özüynən bir də məsləhətləş…
Qəzetin redaktoru Yusif Kərimovla 5-10 dəqiqəlik mehriban söhbət heç bir “fayda” vermədi: təbliğat ki, təbliğat! Təzədən qayıtdım şöbəmizə.
– Müdir, deyirlər, Şakir müəllim yaman çətin adamdı…
– Şakir müəllim çox tələbkar adamdı. Qalanını özün bilərsən. Məncə, sənin xeyrinə olacaq…
Əvvəldə yazmışam. “Qalanını” özüm bilirdim. Bircə bu “tələbkarlıq” məni heç açmırdı…
Elə bu vaxt qapı açıldı və Şakir müəllim girdi içəri:
– Hələ çox fikirləşəssən? Stolun boşaldılıb. Şələ-küləni yığışdır, gəl. Şöbənin işi tökülüb qalıb…
Ax, 83, 83!
Ev məsələsi elə, iş də belə…
Görüm səni heç…
…Nahaq darıxırammış. Qismət ayrı şeydi. 20 gündən sonra elə qonşuluqdaca ev tapacağam (Allah yenə dostlarin canını sağ eləsin!). O ki qaldı təbliğat və təşviqat şöbəsinə – “Şakir müəllimin şöbəsinə” keçməyimə, “çətin adam”la “tələbkar adam” arasındakı böyük fərq çox tezliklə bilinəcək: “Evə görə özünü darıxdırma. Hamımızın başına gəlib. Tapılacaq. Sən işin qulpundan yapış…”
…Və sonralar mən 83-ü (ən azı 93-lə, lap elə 2001-lə müqayisədə) ömrümün ən şirin illərindən sayacağam…
***
Həyatımın elə dönəmləri, elə məqamları olub ki, qəzetçiliyə nifrət eləmişəm, jurnalistikanı seçdiyim üçün özümdən zəhləm gedib. Bəzən hətta hər şeyə tüpürüb getmək istəmişəm. Amma hər dəfə də bu ovqat çox tez ötüb. Üç gün, beş gün, bir ay… Və hər şey yenidən öz yerini alıb. “İynə ilə gor qazmaq” ləzzət verib. Və belə anlarda məni jurnalistikaya bağlayan, bu yolda xeyir-dua verən, az-çox qəzetçi kimi yetişməyimdə əməyi olan bütün insanları minnətdarlıqla xatırlayıram, Allah qoysa, bundan sonra da xatırlayacağam.
Yeddinci sinifdə yazdığım bir inşadan sonra məni jurnalistikaya meyilləndirən mərhum ədəbiyyat müəllimim Abutalıb Malaxovu, ilk xəbərlərimin “ağız-burnunu” düzəldib “Şən həyat”da dərc etdirən redaktor müavini, indi yəqin ki, bir çox ağdamlı kimi qaçqınlıq həyatı yaşayan İsa Axundovu minnətdarlıqla xatırlamamaq mümkündümü?
Bəs jurnalistika fakültəsinin müəllimlərinin – hamımızın sevdiyi və… qorxduğu dekanımız Şirməmməd Hüseynovun, çox böyük hörmət bəslədiyim Famil Mehdinin, dünyalarını vaxtsız dəyişmiş Nəriman Zeynalov və Tofiq Rüstəmovun, bizim tələbəlik illərimizdə cavan oğlanlar, indisə, yəqin ki, baba titulu qazanan Cahangir Məmmədli, Akif Rüstəmov və başqalarının zəhmətini ehtiramla yad etməmək asanmı işdi?!
Balakəndəki redaktorlarımın – Ramazan Bayramov və İmran Qomurovun, “Azərbaycan gəncləri”nin redaktoru Yusif Kərimovun, redaktor müavini Əlirza Balayevin, məsul katib rəhmətlik Zeynal Babayevin qayğısını unutmaqmı olar?!
Dostum (mən hər dəfə demişəm, yenə deyirəm: bu sözün məsuliyyətini, ağır yükünü bir an belə unutmuram) Elçin Mehrəliyevin “qayçılarını” (bəlkə də “məktəb” şöbəsindəki 1 il 3 aylıq məktəb olmasaydı, çox tezliklə Şakir müəllimlə yollarımız ayrılardı – təbii ki, mənim günahımdan) xatırlamasam, insafsızlıq olmazmı?!
Nə qədər adama borcluyam…
Özünə, ya xatirəsinə…
Allah ölənlərə rəhmət eləsin!
Qalanlar var olsun!
…Heç şübhəsiz, jurnalistikada nəsə qazanmışamsa (əgər qazanmışamsa), 5-10 ala-babat cızma-qara eləmişəmsə (əgər eləmişəmsə), 25 ildə bircə nəfərin “əlindən tutub” düzgün yazmağı öyrətmişəmsə (əgər öyrətmişəmsə), buna görə “Çox sağ olun!” payı ilk növbədə Şakir müəllimə düşür…
***
Dostlarım bilir, mən iddialı adam deyiləm. Və 1987-ci ilin avqustunda Şakir müəllim respublikanın həmin dövr üçün baş qəzeti sayılan “Kommunist”ə keçəndə demişəm ki, “Hara gedirsiniz, “Gənclər”i də qoyub getmək olar, qalın bir yerdə işləyək…” Halbuki hamı bilirdi ki, Şakir müəllim getsə, şöbə müdiri vəzifəsinə başqa namizəd yoxdu və bu yer, necə deyərlər, mənimçün boşalır. Şöbə müdirisə o vaxtlar respublika qəzetlərində vəzifəydi, ən başlıcasısa, maaşım xeyli artacaqdı. Amma dilə gətirdiklərim ürəyimdən də keçirdi. Və arzumda səmimi olduğumu ən azı Şakir müəllim bilirdi…
Çünki Şakir müəllimlə bir şöbədə çalışdığım 4 il 7 ay mənimçün ikinci universitet olmuşdu.
Gizlətmirəm, Şakir müəllimlə mənim xasiyyətimdə yetərincə ciddi fərqlər var.
Şakir müəllim çox sərt adamdı. Mənsə yumşaq.
Şakir müəllim çox məsuliyyətli adamdı. Mənsə bu günün işini asanlıqla sabaha qoyub dostlarımla araq içməyə gedə bilərdim.
Şakir müəllim çox işgüzar adamdı. Mənsə tənbəlin biri.
Şakir müəllim çox məhsuldar jurnalistdi. Mənsə pis-yaxşı bir yazını ortaya qoyana kimi can çəkirdim.
Şakir müəllim iş vaxtının bir dəqiqəsinin belə boş keçməsinə imkan vermirdi. Mənsə çayxanaya düşüb Bəyalı Rzayevlə, Kamil Muradovla… laqqırtı vurmaq üçün fürsət axtarırdım.
Şakir müəllim daima oxuyur, hər gün, hər saat məlumatını artırmağa çalışırdı. Mənsə kefimə düşəndən-düşənə hansısa kitabı vərəqləməyi böyük hünər sayırdım.
Sadala ki, sadalaya bilsən…
Di gəl ki, Şakir müəllimlə işləmək adama ləzzət verirdi. Çünki…
…Çünki Şakir müəllim əsl peşəkardı!
1983-cü ildə onun şöbəsinə keçəndə də beləydi…
1987-ci ildə “Gənclər”i “Kommunist”ə dəyişəndə də beləydi…
1987-2000-ci illər arası harada işləyibsə də belə olub…
İliyinəcən qəzetçi olan Şakir müəllim 2000-ci ilin yayından bəri “İqtisadiyyat və audit” jurnalında məsul redaktor vəzifəsində çalışanda da belədir…
…Bu yaxınlarda qələm dostum Müsəllim Həsənovla (başqasının əvəzinə danışmaq düz-əməlli iş deyil, amma Müsəllimin də Şakir Yaqubovu özünə müəllim saydığına şübhəm yoxdu) Şakir müəllimin iş yerinə getmişdik. Biz içəri girəndə telefonla danışırdı. Danışa-danışa yer göstərdi. Gördüm ki, stolun üstündə audit və auditorluq haqda 4-5 sanballı kitab var. Özümü saxlaya bilməyib telefon danışığına mane olmamaq üçün Müsəllimdən yavaşca soruşdum: “Müəllim, sən Allah, bu yaşda bu kitabları oxuyarsan?”. “Çətin!”. “Mən də. Amma 200 faiz arxayın ol ki, müdir bu kitabları oxuyub, özü də əməlli-başlı…”
Telefonu yerə qoyandan sonra sualı Şakir müəllimə verməyə ehtiyac qalmadı:
– Yaxşı, mən bunları oxumasam, öyrənməsəm, bu jurnalda necə işləyə bilərəm?!
…”İqtisadiyyat və audit” jurnalının elmi səviyyəsindən də, ədəbi redaktəsindən də, hətta korrekturasından da arxayın olmaq olar. Çünki bu jurnala görə məsuliyyəti Şakir Yaqubov daşıyır. Məncə, bu, kifayətdir…
***
…Zərrə qədər şübhə eləmirəm ki, Şakir müəllimə istər sırf siyasət (yeri gəlmişkən, bizim siyasi baxışlarımız və siyasi liderlərə münasibətimiz də yetərincə fərqlidi), istər iqtisadiyyat, istər mədəniyyət, istərsə idman qəzetinin, lap elə bütün bunların hamısını özündə birləşdirən qəzetin redaktəsini etibar edib, gedib evdə rahat yatmaq olar. Hər şey hətta gözləndiyindən də dəfələrlə yaxşı olacaq.
…Şakir müəllimə istər siyasətdən, istər iqtisadiyyatdan, istər mədəniyyətdən, istər idmandan yazı sifariş ver, əlini qoy qulağının dibinə. Yaxşıdan yaxşı yazacaq, gətirib kompüterdə yığdıracaq, korrekturasını edəcək, dizaynının üstündə duracaq, səhifəni tam hazır edəcək VƏ… yalnız bundan sonra bir stəkan çay içmək olar.
…Hələ ruscadan gözəl tərcümə qabiliyyətindən danışmıram.
…Hələ lazım gəlsə, rusca yazmaq bacarığını söyləmirəm.
Peşəkar daha nə cür olur?
Mən bu sualın cavabını 1983-cü ildə tapdığıma görə 2001-ci ildə yazdığım yazıya sərlövhə axtarmaq üçün baş sındırmalı olmadım…
***
Birdən oxucu qayıdar ki, belə də yubiley yazısı olar, bayaqdan kişinin qabırğasına döşəyə-döşəyə gedirsən: ay nə bilim, sərtdi, tələbkardı, çətin adamdı, siyasi baxışlarımız fərqlidi…
Bu nə təhər olur ey?..
Əvvəla, canım-gözüm, mən “çətin adam” demədim. İkincisi, siyasi baxışların həqiqətən bizim münasibətlərimizə dəxli yoxdu. Üçüncüsü…
Hə, burada gərək hövsələnizi yenə əməlli-başlı basasınız…
Həqiqətən təbliğat və təşviqat şöbəsinin işi ağır və çoxsahəliydi. “Gənclərin Lenin zaçotu”, komsomol maarifi, hüquq, səhiyyə, iməcilik… Amma bu şöbədə mənəviyyatdan, ailə problemlərindən, məhəbbət məsələlərindən də yazmaq olardı. 80-ci illərin əvvəllərində isə jurnalistin az-çox tanınması üçün bu mövzularda ala-babat nəsə yazması kifayətiydi. Çox vaxt “zir-zibilə” də həmin yazıların xətrinə dözürdük…
Şakir müəllim özünə, sözünə nə qədər tələbkarıydısa, bunu başqalarından da bir o qədər ciddi şəkildə tələb edirdi: “Sən nəinki hər cümlənin, hər sözün üstündə əsməlisən. Elə yazmalısan ki, onu mənim oxumağıma ehtiyac qalmasın”.
Çətiniydi, amma adama ləzzət edirdi. Ehtiyac isə çox vaxt duyulurdu. Birdən görürdün ki, abzası abzasa “bağlaya” bilməmişəm, daha doğrusu, fikirlərin ardıcıllığında dağınıqlıq var. Yaxud da hansısa cümlə uğursuz alınıb və heç cür “abıra” salammıram.
Gətirib yazını Şakir müəllimin stolunun üstünə qoyub keçirdim “məktəb” şöbəsinə – Xudayət Həsənlini işdən “ayırmağa”. Bir azdan geri qayıdanda dəqiq bilirdim ki, hər şey qaydasında olacaq. Şakir müəllimin oxuyub qol çəkdiyi yazıya təzədən baxanda görürdüm ki, məhz həmin abzaslar bir-iki cümləylə bir-birinə elə “bağlanıb” ki, bundan yaxşısını saatlarla axtarıb tapmaq olmaz. Şübhəli qaldığım cümləsə elə redaktə olunub ki, sanki özüm yazmışam…
Şakir müəllim ağzının sözünü düzgün yaza bilməyən, amma böyük iddia ilə danışan müəlliflərlə nə qədər sərt, bəzən hətta kobud davranırdısa, qələmi azacıq ümid verən cavanlara, tələbələrə bir o qədər qayğıyla, mehribanlıqla yanaşırdı.
Şakir müəllim heç nədən tanınmış bir jurnalistin yazısında daşı daş üstə qoymaya da, eyni zamanda uğurlu bir sərlövhəyə, “giriş”ə və yaxud “konsovka”ya görə jurnalistika fakültəsinin 1-ci kurs tələbəsini eninə-uzununa tərifləyə də bilərdi.
Poeziyadan danışmaq istəyirsən – Şakir müəllim! Heç uzağa getməyək, XX əsri Sabirlə başlayıb Rəsul Rzayla davam etdirib Ramiz Rövşənlə qurtaracaq. Nəsrdən söhbətləşmək fikrinə düşmüsən – Şakir müəllim! Şakir müəllimi yaxından tanıyana qədər elə bilirdim ki, Azərbaycanda yazıçı Anarı mənim qədər çox istəyən və oxuyan adam yoxdu. Sən demə, belə deyilmiş. Kino – buyur! Rəssamlıq – buyur!
Hələ harasıdı?..
Karl Marksdan sitat lazımdı – Şakir müəllim! Lenindən misal gərəkdi – Şakir müəllim! Heydər Əliyev filan plenumda nə deyib – Şakir müəllim! Azərbaycan KP MK-nin bəhmən plenumu nə vaxt keçirilib – Şakir müəllim! Ensiklopediya lazımdı – Şakir müəllim! İzahlı lüğət gərəkdi – Şakir müəllim!
Şakir müəllim, Şakir müəllim, Şakir müəllim…
Təsadüfən “xodyaçi ensiklopediya” demirlər ki?!
Nəhayət, Şakir müəllimlə jurnalistika barədə söhbət eləmək özü bir dəsgahdır.
“Pravda”da Vera Tkaçenkonun, “İzvestiya”da Tatyana Tess və İrina Ovçinnikovanın əxlaq mövzusunda publisistik yazıları, “Komsomolskaya pravda”da Vasili Peskovun təbiət, Yaroslav Qolovanovun elm və elm adamları, İnna Rudenkonun tərbiyə, Pavel Qutiontovun və başqalarının dövrün ən ciddi sosial problemlərinə həsr olunan çıxışları, “Literaturnaya qazeta”da Gennadi Boçarovun “Fövqəladə hadisə”ləri, Yevgeni Boqat, Arkadi Vaksberq, Olqa Çaykovskaya və digərlərinin məhkəmə oçerkləri barədə kiminlə çəkinmədən və tam səmimiyyətlə söhbət etmək olardı?
Əlbəttə, Şakir müəllimlə…
Azərbaycan mətbuatında çıxan ən kəskin, kəsərli yazılar haqda (Əvvəla, kimlərinsə unudulacağından qorxduğum üçün ad çəkmirəm, sonrasısa həmin dövrün aslarının bir çoxunun imzasının indiki oxuculara nəsə deyəcəyinə şübhəylə yanaşıram) kiminlə qızğın diskussiyaya girmək olardı?
Əlbəttə, yenə Şakir müəllimlə…
Bəs yeni Azərbaycan jurnalistikasinin cavan və istedadlı təmsilçilərinin – Hikmət Sabiroğlu, Məmməd Nazimoğlu, Zamin Hacı, Etibar Cəbrayıloğlu, Azər Qaraçənli, Qulu Ağsəs, Xəyal Tağıyev və başqalarının yaradıcılığı barədə kiminlə ciddi fikir mübadiləsi aparmaq olar?
Əlbəttə, ancaq Şakir müəllimlə…
Bəsdi, yoxsa yenə sayım?!
Bu da hər ikimizin zəif yeri – futbol! Bunun üstündən heç cür sükutla keçmək olmaz.
Son illər Azərbaycanda ölkə futbolunun problemləri və dünya futbolunun ulduzları barədə ən sanballı yazıların müəllifi kimdi?
Səhv etmirsiniz, Şakir müəllim!
Yəqin ki, Şakir müəllimin futbolla bağlı məqalələri haqda söz demək ayrıca bir yazının mövzusudu. Amma bir cəhəti xüsusi vurğulamaq istəyindən özümü heç cür saxlaya bilmirəm. Şakir müəllimin (istər Şakir Yaqubov, istərsə də Ş.Hənifəzadə imzasıyla) “Azadlıq”, “Panorama” və “525-ci qəzet”də “Ulduz ömrü”, “Ulduz” və “Persona” rubrikaları altında çıxan yazıları hansı idman, xüsusilə futbol sevəri biganə qoyub?!
Onda niyə bu yazılar bitkin kitab halını almasın?! Vallah, 30-40 ildən sonra bizim sələflərimiz həmin futbolçular, eləcə də son 10 il futbolunun (istər dünya, istərsə də ölkə) problemləri, uğurları və perspektivləri barədə yalnız Şakir müəllimin yazılarından dolğun informasiya ala biləcəklər!
Eləsə, nəyi gözləyirik?..
***
Çox şey yazmaq olar…
Deyəssiniz ki, bundan da çox?..
Mən yaxşı demədim ha, çox dedim…
25 illik qəzetçilik ömrümdə ilk dəfə yubiley yazısı yazıram. Buna görə qüsurlara elə də ciddi fikir verməyin…
Şakir Yaqubov haqdasa həqiqətən çox və yaxşı yazmaq lazımdır…
Sağlıq olsun…
Qalsın gələn yubileylərə…
Mənə Tanrıdan onu diləmək qalır ki, Şakir müəllim 60, 70, 80, belə 100 yaşını qeyd edərkən bu sətirlərin müəllifinə də onun haqqında yazmaq xoşbəxtliyini nəsib etsin.
Nəzərə alsaq ki, Şakir müəllimlə aramızda cəmi 4 yaş fərq var, məncə, qətiyyən pis arzu deyil…
24 fevral 2001
Adil Qaçayoğlu 1955-ci ildə doğulub.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olan Adil Qaçayoğlu “Şən həyat” (indiki “Balakən”), “Azərbaycan gəncləri”, “Həyat” (indiki “Azərbaycan”), “Yeni fikir”, “Ülfət”, “Panorama”, “Detektiv”, “525-ci qəzet”, “Yeni yüzil”, “Bizim əsr”, “Gün səhər”, “Yeni Müsavat” qəzetlərində çalışıb.
Adil Qaçayoğlu 2008-ci il mayın 4-də vəfat edib.
1951-ci ildə doğulan Şakir Yaqubov Bakı Dövlət Universitetinin məzunudur.
“Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat” (indiki “Azərbaycan”), “Sirdaş”, “Səhər”, “AFFA news”, “Panorama” qəzetlərində rəhbər vəzifələrdə çalışıb, Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, “İqtisadiyyat və audit” jurnalının məsul redaktoru olub.
Şakir Yaqubov 2022-ci il oktyabrın 15-də vəfat edib.