Əli Kərimli
AXCP sədri
Böyük Britaniya kəşfiyyatı Rusiyanın Ukrayna ilə savaşda gündəlik ortalama 40-dan artıq zirehli texnika itirdiyini təsdiqləyir. Bu, ayda ortalama 1200 zirehli texnika deməkdir.
Rusiya ordusunun gündəlik canlı itkiləri də son vaxtlar daha da artaraq 500-1000 nəfər arası olur. Belə dəhşətli itkilərə heç “dünyanın 2-ci ordusu” da tab gətirə bilməz.
Putin səfərbərlik elan edəndə demişdik ki, Rusiyanın əlavə olaraq 300 minlik ordu səfərbər etməsi müharibədə köklü dəyişiklik yarada bilməyəcək, tam əksinə, Rusiyanın itkiləri dəfələrlə artacaq, silah-sursat ehtiyatı və canlı qüvvəsi sürətlə tükənəcək.
Proqnozlarımız doğrulur. Rusiya hələlik səfərbər etdiyi 318 min hərbçinin, müdafiə naziri Şoyqunun dediyinə görə, 87 min nəfərini birbaşa savaş bölgəsinə göndərib. Görünür, digər 231 min nəfəri silahlandırmaqda çətinliklər yaşayırlar. Ancaq qarşıdakı aylarda həmin 231 min nəfərin də əksəriyyəti, köhnə silahlarla da olsa, silahlandırılıb Ukraynaya qarşı savaşa göndəriləcək. O halda Rusiyanın itkiləri daha da artacaq.
Bu tərəfdən də sanksiyalar və müharibə xərcləri Rusiyaya trilyonlarla dollarlıq zərər verib. Böyük 7-lər artıq Rusiya neftinə qiymət həddi qoymağa da razılaşdılar. Rusiya nefti dünya bazar qiymətindən barreli 30-40 dollar ucuz alınacaq ki, ölkənin müharibəni maliyyələşdirmək imkanı olmasın.
Ukrayna ilə savaşın 9-cu ayında Rusiyanın gəldiyi nöqtə budur: Nəhəng ölkənin iqtisadiyyatı müflis olur, ordusu dəhşətli itkilər verib tükənir, səfərbər etdiyi əsgərləri kütləvi şəkildə savaşdan imtina edir, beynəlxalq aləmdən təcrid olunub, texnoloji baxımdan o qədər geri qalıb ki, ümidlərini İrandan, Şimali Koreya və Belarusdan silah yardımına bağlayıb.
Rusiyaya ümid olub ömürlük hakimiyyət eşqinə düşmüş bütün avtoritar rejimlər üçün də gerisayım başlayıb artıq.