Kanada parlamenti Çində uyğurlara qarşı soyqırımı törədildiyinin təsdiqlənməsi, qaçqın düşərək müxtəlif ölkələrdə məskunlaşmış, Çinə deportasiya olunmaq təhlükəsi ilə üzləşmiş uyğurlara sığınacaq verilməsi barədə qərar qəbul edib.
Novator.az xəbər verir ki, səsvermədə iştirak edən 258 deputatın hamısının dəstəklədiyi qərar deputat Qarnet Cenuisin təklifi olub.
Qərarda hökumətə Çinə deportasiya olunmaq təhlükəsi ilə üzləşmiş uyğur qaçqınlara Kanadada sığınacaq verilməsi üçün təcili tədbirlər görmək tapşırılır.
Çindən qaçan uyğurların sığındığı əsas ölkə Türkiyədir. Türkiyədə təxminən 50 min nəfər uyğur qaçqın var. Misirə, Birləşmiş Ərəb Əmirliklərinə sığınan uyğurların da sayı az deyil. Son illər Misirdən, Birləşmiş Ərəb Əmirliklərindən, Türkiyəni çıxmaqla bir sıra başqa dövlətlərdən uyğur qaçqınların Çinə deportasiya olunması hallarına rast gəlinib.
Kanada parlamentinin deputat Qarnet Cenuisin təklifi əsasında qəbul etdiyi qərar belə hallarla üzləşə biləcək uyğurların həyatını xilas etməyə yönəlib.
Qanunverici orqan hazırda uyğurlarla bağlı başqa bir təklifə də baxır. Söhbət Çindən qaçqın düşmüş və üçüncü ölkələrdə məskunlaşmış 10 min nəfər uyğurun, eyni zamanda türk əsilli digər müsəlmanların Kanadada yerləşdirilməsi təklifindən gedir.
Təklifi deputat Samir Zuberi irəli sürüb. Onun təklifi Kanada parlamentinin 2021-ci il bəyanatına əsaslanır. Həmin bəyanatda Çindəki kommunist rejiminin uyğurlara və digər etnik azlıqlara qarşı soyqırımı törətdiyi vurğulanıb. Sənəddə Miqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyinə tövsiyə edilib ki, müdafiəyə ehtiyacı olan 10 min uyğurun və digər müsəlman türklərin Kanadaya girişi 2024-cü ildən başlayaraq intensivləşdirilsin.
Kanadalı deputatların Qarnet Cenuisin təklifini yekdilliklə dəstəkləməsi göstərir ki, Samir Zuberinin də təşəbbüsü parlamentdə lazımi dəstəyi qazana biləcək.
Uyğurlar əsasən Çinin şimal-qərbində yerləşən Sincan Uyğur Muxtar Rayonunda yaşayırlar. Beynəlxalq qurumların hesabatlarına əsasən, Çində milyonlarla uyğur məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalır, hökumət uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədir.
ABŞ hökuməti, Böyük Britaniya, Niderland, Belçika, Fransa, Litva, Çexiya və İrlandiya parlamentləri də Çin hökumətinin uyğurlara qarşı hərəkətlərini soyqırımı və ya soyqırımına cəhd kimi qiymətləndirib.
Mənbə: Theglobeandmail.com