Kanada parlamentində Çindən qaçqın düşmüş minlərlə uyğura və türk əsilli digər müsəlmanlara Kanada torpağında sığınacaq verilməsi təklifi üzrə müzakirələr başlanıb.
Novator.az xəbər verir ki, təklifi Kanadanın hakim Liberal Partiyasından deputat Samir Zuberi irəli sürüb. O, federal hökuməti Çindən qaçqın düşmüş və üçüncü ölkələrdə məskunlaşmış 10 min nəfər uyğuru, eyni zamanda türk əsilli digər müsəlmanları Kanadada yerləşdirməyə çağırıb.
Samir Zuberi bildirib ki, Kanadanın belə bir addım atması Çində insanlıq əleyhinə cinayətlərlə üzləşən müsəlman türklərin çəkdiyi əzab-əziyyəti qismən yüngülləşdirə bilər.
Samir Zuberi Kanadanın bu humanist aktda iştirak etməyə borclu olduğunu söyləyib.
Deputatın Çindən qaçqın düşmüş uyğurlara və türk əsilli digər müsəlmanlara sığınacaq verilməsi təklifi Kanada parlamentinin 2021-ci il bəyanatına əsaslanır. Həmin bəyanatda Çindəki kommunist rejiminin uyğurlara və digər etnik azlıqlara qarşı soyqırımı törətdiyi vurğulanıb. Sənəddə Miqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyinə tövsiyə edilib ki, müdafiəyə ehtiyacı olan 10 min uyğurun və digər müsəlman türklərin Kanadaya girişi 2024-cü ildən başlayaraq intensivləşdirilsin.
Uyğur əsilli Kanada vətəndaşı, uyğurların hüquqlarının müdafiəsi layihəsinin icraçı direktoru Mehmet Tohti on minlərlə uyğurun və digər türklərin Çindən Yaxın Şərqə və Türkiyəyə qaçdığını, amma onların geri deportasiya olunma riski ilə üzləşdiyini söyləyib. Mehmet Tohti bildirib ki, Çin rejimi xaricdə də uyğurları susdurmağa çalışır və ölkədən qaçanları Çinə qaytarıb cəzalandırmaq istəyir.
Hüquq müdafiəçiləri və media qrupları Çin hökumətinin Sincan Uyğur Muxtar Rayonunda uyğur ailələrin, eləcə də digər etnik azlıqların hüquqlarını ağır formada pozduğunu xəbər verir.
May ayında ABŞ-ın “Associated Press” agentliyi Çinin Sincan Uyğur Muxtar Rayonunda hər 25 nəfərdən birinin terrorçuluq ittihamı ilə məhkum edildiyini və bunun dünyada ən yüksək göstərici olduğunu qeyd edib. Agentlik Sincan Uyğur Muxtar Rayonunun cənubunda yerləşən şəhərlərdən birində – Konaşəhərdə tutulan 10 mindən çox uyğurun siyahısını əldə edib. Bu, məhbus uyğurların adı keçən sənədlər arasında indiyədək əldə olunan ən uzun siyahıdır.
Beynəlxalq qurumların hesabatlarına əsasən, Çində milyonlarla uyğur məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalır, hökumət uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədir.
Çinin uyğurlara və digər türk azlıqlara qarşı davranışını soyqırımı kimi tanıyan təkcə Kanada parlamenti deyil. ABŞ hökuməti, Böyük Britaniya, Niderland, Belçika, Fransa, Litva, Çexiya və İrlandiyanın qanunverici orqanları da Çin hökumətinin uyğurlara qarşı hərəkətlərini soyqırımına cəhdi kimi qiymətləndirib.
43 yaşlı Samir Zuberi pakistanlı mühacir oğludur. O, 2019-cu ildən Kanada parlamentinin deputatıdır.
Mənbə: Theglobeandmail.com