Vətəndaş cəmiyyəti eksperti, iqtisadçı Rövşən Ağayev paytaxt Bakıdakı tıxacları doğuran bir məqama toxunub. Novator.az-ın məlumatına görə, o yazır ki, Bakının bütün qaynar həyatı – iş yerləri, təhsil ocaqları, ticarət və istirahət obyektləri ərazinin cəmi 3-4 faiz hissəsində formalaşıb: “Paytaxtın mərkəzini təşkil edən Səbail, Nəsimi, Nərimanov və Yasamal rayonlarının ümumi ərazisi Bakının ümumi ərazisinin cəmi 3,7 faizinə bərabərdir. Rəsmi qeydiyyatda olan paytaxt əhalisinin isə 28 faizi həmin hissəyə düşür.
Təxminən 80 kvadrat kilometrlik bu hissə üzrə orta əhali sıxlığı hər kvadrat kilometr üçün 9000 nəfərə yaxındır. Bu, paytaxt üzrə orta göstəricidən 9 dəfə çoxdur.
Amma problemin əhali sıxlığından daha çox iş yerlərinin və şagird yerlərinin sıxlığında olduğunu düşünürəm. Bakı ətrafında məskunlaşma həddən artıq pərakəndədir, ictimai nəqliyyat isə bərbad vəziyyətdə olduğundan hər gün həmin 80 kvadrat kilometrlik hissəyə şəxsi avtomobillərlə nəhəng əhali axını baş verir. Məsələn, qeyd olunan 80 kvadrat kilometrlik hissədə hər kvadrat kilometrə şagird sıxlığı 1700 nəfər, yerdə qalan ərazilərdə 170 nəfərdir. Nəsimi rayonu üzrə şagird sıxlığı daha yüksəkdir – hər kvadrat kilometrə 3500 nəfərə yaxın.
Sırf muzdla işləyənləri götürsək, mərkəzdə iş yerlərinin sıxlığı hər kvadrat kilometrə 8000 nəfərə yaxın, o cümlədən Nəsimi rayonunda 20000 nəfər ətrafındadır. Paytaxtın digər əraziləri üzrə bu göstərici 150-ni ötmür”.