Rusiyalı jurnalist Anton Krasovski ukraynalı uşaqlara qarşı soyqırımı törətməyi təklif edib.
47 yaşlı Krasovski bu təklifi oktyabrın 23-ü Rusiyanın RT kanalında, aparıcısı olduğu “Antonimlər” verilişində rusiyalı yazıçı Sergey Lukyanenkodan müsahibə götürərkən səsləndirib.
Fantastik janrda əsərlər yazan Sergey Lukyanenko Ukraynanın qatı əleyhdarı kimi tanınır.
Sergey Lukyanenko verilişdə uşaqlıq vaxtı Ukraynanın qərbinə səyahət etdiyini, orada Rusiyanı işğalçılıqda qınayan uşaqlarla qarşılaşdığını xatırladıb.
Yazıçının bu xatirəsindən sonra Anton Krasovski ukraynalı uşaqlar haqda kəskin çağırışlar edib: “Belə uşaqları Tisa çayında boğmaq gərəkdir. Onları çayın güclü axarı istiqamətində suya tullayırsan, vəssalam. Ya da daxmalara doldurub od vurursan”.
Tisa – Dunay çayının ən uzun qoludur, Mərkəzi Avropadan axır, başlanğıcını Ukraynanın qərb əyalətindən götürür.
Rəsmi Kiyev Anton Krasovskinin dediklərinə dərhal reaksiya verib və Rusiya dövlətinin nəzarətində olan RT kanalının fəaliyyətini bütün dünyada qadağan etməyə çağırıb.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Tvitter” şəbəkəsində yazıb: “Krasovski veriliş boyu irqçi mövqe tutaraq ukraynalıların ünvanına təhqirlər yağdırıb.
Rusiya televiziyası Krasovski kimilərin aparıcılıq etdiyi təbliğat xarakterli tok-şoularla doludur. Belə verilişləri yüz minlərlə adam izləyir.
Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibəsini təşviq etmək üçün dövlət televiziyasının təbliğatına arxalanır. O öz işğalçı müharibəsini ukraynalıları nasistlərdən xilas etmək missiyası kimi qələmə verir”.
Novator.az-ın məlumatına görə, baş verənlərlə bağlı Böyük Britaniyanın “The Telegraph” qəzetində yazı dərc olunub.
Yazıda deyilir ki, Rusiyada ukraynalılara qarşı dövlət səviyyəsində aşılanan nifrət rus xalqının şüurunu korlayıb. Bildirilir ki, Kremlin əkdiyi bu nifrət toxumu illər uzunu yaşaya, nəsillərdən nəsillərə keçə bilər.
“The Telegraph” yazır: “Anton Krasovski onsuz da ziddiyətli fiqur hesab olunur. Onu hətta Kremlin tərəfdarları da ifrata varmış adam kimi qəbul edir. Krasovski əvvəllər də ukraynalıların məhvinə çağırışlar edib, onları heyvan adlandırıb.
Oktyabrın 8-i Krım yarımadasını Rusiyaya birləşdirən körpüdə partlayış törədilib. Oktyabrın 10-da Rusiya buna cavab olaraq Ukraynanın bütün şəhərlərinə raket zərbələri endirib. Krasovskinin həmin zərbələrə də reaksiyası özünəməxsus olub. O, 23 nəfərin ölümünə səbəb olan raket hücumlarından sonra çəkdiyi videoda gülüb oynaya-oynaya bildirib: “Xoşbəxtəm desəm, az olar. Mən rus hərbi pijamasında eyvanda rəqs edirəm”.
“The Telegraph” qəzeti sonda vurğulayır: “Əvvələr “Russia Today” adı ilə fəaliyyət göstərmiş RT kanalını Putinin sevimli təbliğatçılarından olan Marqarita Simonyan idarə edir. Kremlin dezinformasiyalarını yaydığına görə bu kanalın Avropa İttifaqı məkanında nümayişinə yasaq qoyulub”.
Anton Krasovskinin Sergey Lukyanenko ilə söhbətində dedikləri onun öz vəzifəsini itirməsi ilə nəticələnib. Müsahibəni götürdüyü vaxt Krasovski həm də RT kanalının rusdilli yayım üzrə direktoru olub. Soyqırımı çağırışlarından sonra Krasovski vəzifəsindən azad edilib.
Əsası 2005-ci ildə qoyulmuş RT kanalı bir neçə dildə yayılır, Rusiyanın beynəlxalq TV şəbəkəsi hesab edilir.
Mənbə: Telegraph.co.uk