Oktyabrın 24-ü Mçxeta rayonundakı Muxrani sarayında Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata danışan prezident İlham Əliyev iki ölkənin strateji tərəfdaşlıq əlaqələrinin demək olar müttəfiqlik səviyyəsinə qalxdığını vurğulayıb: “Bir çox sahə üzrə fəal əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir birimizi dəstəkləyirik, həm ikitərəfli formatda. Bir çox önəmli layihə təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır.
Bu gün bir çox məsələ müzakirə olundu. Hələ müzakirələr davam edəcək. Bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı məsələlər müzakirələrin mərkəzində idi. Baş naziri İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə və Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatı ilə bağlı məlumatlandırdım. Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Hər halda bizim niyyətimiz bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistana təqdim etdik. Ümid edirəm ki, Ermənistan siyasi iradə göstərərək beynəlxalq birliyin tanıdığı bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaq. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda əməkdaşlıq üçün imkanlar yaranacaq.
Bu gün eyni zamanda söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlamaq haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan buna hazırdırsa, biz buna hazırıq.
O ki qaldı ikitərəfli gündəliyimizə, ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir.
Gələcək enerji siyasətimizlə bağlı geniş fikir mübadiləsi apardıq. Həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir. Biz yeni layihələr haqqında düşünürük. Dünya bazarlarına qaz ixracatını artırmaq fikrindəyik. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Yəni bizim niyyətimiz bundan ibarətdir, imkanlarımız da buna çatır. Beləliklə, biz planlaşdırırıq ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Əlbəttə ki, bununla əlaqədar görüləcək işlər həm ikitərəfli formatda müzakirə olundu, həm də gələcək müzakirələrə ehtiyac var.
Eyni zamanda gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Biz bununla bərabər hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyirik. Bu barədə də danışmışıq. Mən bizim planlarımız haqqında cənab baş naziri məlumatlandırdım. Buna da böyük ehtiyac və böyük potensial var.
Həyata keçiriləcək yeni layihə elektrik enerjisi ilə bağlıdır. Azərbaycan çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin. İxrac istiqamətimiz Gürcüstandan keçir. Təkcə azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpa olunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır.
Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıb. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini 5 milyon tona çatdırmaq fikrindəyik. Bu məqsədlə Azərbaycan layihəyə əlavə sərmayə qoyacaq. Artıq bütün sərmayələr hazırdır və biz bu prosesə start vermişik. Çünki dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır. Biz buna hazır olmalıyıq.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq istəyirik. Artıq bütün göstərişlər verildi və vəsait də ayrılacaq. Ona görə Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır. Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Qonşularla bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz. Bizim isə Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır. Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcək”.
Xəbəri AZƏRTAC yayıb.