Tanınmış jurnalist Şakir Yaqubov oktyabrın 15-i axşam vəfat edib.
Novator.az bildirir ki, Şakir Yaqubov 1951-ci il fevralın 25-də Astaranın Balaca Şahağac kəndində doğulub. Bakı Dövlət Universitetini, Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu və Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm Universitetini bitirib.
“Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat” (indiki “Azərbaycan”), “Sirdaş”, “Səhər”, “AFFA news”, “Panorama” qəzetlərində xüsusi müxbirlikdən baş redaktorun birinci müavini və baş redaktoracan müxtəlif vəzifələrdə çalışıb, Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, “İqtisadiyyat və audit” elmi-praktik jurnalının məsul redaktoru olub.
Bir neçə kitabın müəllifi, həmmüəllifi, tərcüməçisi, publisistik və elmi-kütləvi nəşrlərin redaktorudur.
Əməkdar mədəniyyət işçisi fəxri adına, Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatına, “Qızıl qələm” və Həsən bəy Zərdabi mükafatlarına, 10-dək yaradıcılıq müsabiqəsinin mükafatlarına layiq görülüb, “Azərbaycan Respublikasının fəxri auditoru” adını alıb.
Allah rəhmət eləsin!