ABŞ-ın “Wall Street Journal” qəzetində redaksiya heyəti adından “BMT uyğurlardan imtina edir” başlıqlı məqalə dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən çevirib oxucuların diqqətinə çatdırır.
Əgər hələ də BMT İnsan Hüquqları Şurasının insan haqlarının qayğısına qaldığını düşünəcək dərəcədə ifrat optimistlər qalıbsa, ötən həftə şuranın İsveçrənin Cenevrə şəhərində keçirilən 51-ci sessiyasında baş verənlərə nəzər salsınlar.
Həmin sessiyada Çinin Sincan əyalətində uyğurlara qarşı törədilən zorakılıqları İnsan Hüquqları Şurasının gələcək sessiyasında müzakirə etmək üçün təklif irəli sürülmüşdü. Şuranın 17 üzvü təklifin lehinə, 19 üzvü əleyhinə səs verib. Beləliklə, təklif rədd olunub.
Çinə qahmar çıxıb təklifin əleyhinə səs verən ölkələr arasında Kuba, Venesuela, Nepal, İndoneziya, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr var. Onlar ya Çini incitmək istəmirlər, ya da Pekinin kəmər və yol çəkilişi kimi təşəbbüslərinin girovuna çevriliblər.
Göründüyü kimi siyahıda müsəlman ölkələri də var. Belə anlaşılır ki, onlar Çindəki müsəlman azlıqlara qarşı təqiblərə məhəl qoymamaq xəttini seçiblər. Halbuki İndoneziya dünyanın ən böyük müsəlman ölkəsidir, Pakistan isə rəsmən islam dövlətidir.
Boliviya, Kamerun, Fil Dişi Sahili, Eritreya, Qabon, Qazaxıstan, Mavritaniya, Namibiya, Seneqal, Sudan və Özbəkistan da rüsvayçı mövqe sərgiləmiş ölkələr cərgəsindədir.
Hindistan, Meksika və Ukrayna da daxil olmaqla, 11 ölkə səsvermə zamanı bitərəf mövqe tutub. Bəlkə də Kiyev bitərəf qalmaqla Çini Rusiya işğalçılarına hərbi yardım göstərməkdən çəkindirəcəyinə ümid bəsləyir. Ancaq bu, Ukrayna üçün heç də əlverişli taktika deyil.
2018-ci ilin dekabrından Meksikaya Andres Manuel Lopez Obrador prezidentlik edir. Onun hakimiyyəti dövründə Meksika heç vaxt solçu diktaturanın qərarlarına qarşı çıxmayıb.
Bu ilin avqustunda BMT-nin insan haqları üzrə ali komissarı Mişel Baçelet Sincanda məhbəs həyatı yaşamış məhbuslarla söhbət əsasında hazırlanmış hesabatı dərc edib. O söhbətlərin hər birində uyğurlar məhbəsdə daima aclıq çəkdiklərini və xeyli çəki itirdiklərini deyiblər. Eyni zamanda demək olar hamısı həbsxanada onlara mütəmadi olaraq ya iynə vurulduğunu, ya dərman verildiyini, ya da hər ikisinin tətbiq edildiyini söyləyiblər.
Ürəyiniz tab gətirərsə, hesabatdakı başqa məqamlara da toxunaq. Keçmiş məhbusların bir qismi müxtəlif formalarda cinsi təcavüzə məruz qaldığını, zorlandığını xəbər verib. Bəzi qadınlar onların üzərində invaziv vasitələrlə ginekoloji baxış keçirildiyini deyiblər. Qadınlardan biri bu müdaxilənin hətta qrup halında reallaşdırıldığını bildirib.
Dustaqların ibadətdən məhrum olunması, yuxusuz saxlanması, Çini vəsf edən mahnılar oxumağa təhrik edilməsi – Sincan düşərgələrində gündəlik işgəncələrdir.
Mişel Baçeletin hesabatında Pekindən işgəncə, cinsi istismar, zorakılıq, amansız rəftar, habelə məcburi əməyə cəlb etmə, dustaqlar arasında ölüm halları barədə məlumatların araşdırılması xahiş olunub. Sənəddə qeyd edilib ki, Sincanda uyğurlara münasibətdə ara verməyən amansız rəftar beynəlxalq cinayətlərlə, xüsusən insanlığa qarşı cinayətlərlə eyniləşdirilə bilər.
Kimlərsə BMT İnsan Hüquqları Şurasında ötən həftə irəli sürülən təşəbbüsün Pekinin şiddətli lobbiçilik səyləri qarşılığında cəmi iki səslə məğlub olmasından məmnun qala da bilər. Amma bu məğlubiyyət çox böyük biabırçılıqdır.
BMT İnsan Hüquqları Şurası mənəvi bərabərlik ideyasının puça çıxdığı bir yerdir və daha bunu bilməyən yoxdur. Əgər Sincan zorakılıqlarını eləcə müzakirəyə çıxarmaq təklifini də qəbul edə bilmirsə, onda belə bir şuraya nə ehtiyac var? Ya da ən azından daha ABŞ-ın bu şuranın üzvlüyündə qalmasına heç bir əsas yoxdur.
Mənbə: Wsj.com