Soldakı ağsaçlı Ales Belyatskidir. Dünən Nobel sülh mükafatı alan adam.
O indi həbsdədir. Ötən ilin yayında Belarus hökuməti vergidən yayınmaq kimi ənənəvi qondarma iddia ilə özünü həbsə salıb, təşkilatını ekstremist elan edib.
Ales Belyatski Belarusun məşhur “Vyasna” hüquq müdafiəsi təşkilatının qurucusudur. Norveç Nobel Komitəsi 2022-ci ilin sülh mükafatını Ukrayna və Rusiyanın hüquq müdafiəçiləri ilə yanaşı ona da verib. Uzun illər Belarus kimi azadlıqlara qapalı ölkədə insan hüquq və azadlıqları uğrunda davamlı mübarizəsinə görə.
“Vyasna” təşkilatını yarandığı 1996-cı ildən tanıyıram. Alesi də elə o vaxtdan. Beynəlxalq Plüralizm Mərkəzləri Şəbəkəsinin tədbirlərində çox görüşmüşük. Müxtəlif layihələrdə əməkdaşlıq etmişik, xüsusən də seçkilər zamanı.
Bu şəklin azından 20 yaşı var. Bizim şəbəkənin Belarusda keçirilən növbəti toplantısı zamanı çəkilib. Qruplara bölünüb “Avtoritar ölkələri demokratiya yoluna necə çıxarmalı” sualı ətrafında müzakirə edirdik. Moderatorluğu keçmiş dissident mərhum Yakub Karpinski edirdi.
O vaxt Belarus hökuməti konfransımızı keçirməyə Minskdə yer vermədiyi üçün belaruslu həmkarlar Yazıçılar Birliyinin şəhər ətrafındakı pansionatında zal kirayələmişdilər. Biz də elə pansionatda qalırdıq.
Məhz həmin tədbirdən sonra məndə Belarusa maraq yarandı, bu ölkəni gəzmək, adamlarıyla görüşmək istədim. Sağ olsun dostlar – İrena Lasota, Vinçuk Viaçorka, Tamara Matskeviç, Ales Belyatski – onlarının sayəsində səfər baş tutdu. Əsl Belarusu o səfərdə kəşf etdim, tanıdım və bu tanışlıqdan “Ağ Rusiyanın qara taleyi” adlı esse yazıldı. Esse Azərbaycan və rus dillərində dərc edildi.
Alesin klassik inqilabçılara məxsus xarakterini isə 2003-cü ildə Azərbaycanda keçirilən prezident seçkisi vaxtı duydum. O vaxt bizim şəbəkədən 188 nəfər ATƏT-in beynəlxalq müşahidə missiyası ilə Bakıya gəlmişdi. Belaruslu müşahidəçilər qrupuna Ales başçılıq edirdi.
15 oktyabr seçkisinin nəticələrini tanımayan müxalifət küçələrə çıxmışdı, bir qrup beynəlxalq müşahidəçisi ATƏT-in seçki bəyanatına – “demokratiyaya doğru addım” – etiraz edərək fərqli fikirlə çıxış etmişdi. Onu imzalayanlardan biri də Ales Belyatski idi.
Seçkidən sonra müxalifət nümayəndələrinin repressiyası başlamışdı. Postsovet ölkələrindən gəlmiş müşahidəçilər qərbli həmkarlarından daha adekvat hərəkət edirdilər. Onlar, mandatlarına daxil olmasa da, həbs olunanların azad edilməsi üçün polis idarələrinə gedir, müxalifətçiləri müdafiə etməyə çalışırdılar.
O vaxt müxalifətin namizədi İsa Qəmbərin hər an həbsi gözlənirdi. Onun evinə beynəlxalq müşahidəçiləri göndərmək təklifinə Ales dərhal reaksiya verdi, getməyə hazır olduğunu dedi. Bir neçə belaruslu həmkarı ilə İsa bəyin yaşadığı evin qarşısına getdilər. Sonra eşitdim ki, küçədə qalmasınlar deyə İsa bəy onları evə dəvət edib. “Bir nömrəli post”un müdafiəsi bir neçə gün belə davam elədi.
***
Nobel Komitəsi dəfələrlə siyasi konyunkturada ittiham olunub, öz seçiminə görə qınanıb. Fikrimcə, builki sülh mükafatı komitənin ən uğurlu seçimlərindən biri sayılacaq.
Həbsxanadan göndərə bildiyi nadir məktubların birində Ales belə yazmışdı: “Əsas depressiyaya düşməməkdir, kədərə dalmamaqdır. İnanıram ki, tezliklə hər şey yaxşı olacaq. Bizi öldürməyən bizi daha da güclü edir”.
Nobel mükafatı alması, bu münasibətlə ABŞ prezidentinin, neçə-neçə dünya çaplı siyasi, ictimai xadimin, dövlət xadiminin təbriki həbsxanada ona ruh, güc verəcək. Bu mükafat Ales Belyatskinin azad olunması yolunda yaşıl işıq olacaq, dostumuz azadlığa çıxacaq, 20 il əvvəl Belarus meşəsində qoyulan “Demokratiya yoluna necə çıxmaq” sualının axtarışına davam edəcək.
…Və beləcə, dünyada Lukaşenkolar yox, Ales Belyatskilər qalacaq!
Vahid Qazi
8 oktyabr 2022
Helsinqborq, İsveç