Novator.az iqtisadçı, Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərlinin oktyabrın 5-də – Beynəlxalq Müəllimlər Günündə paylaşdığı qeydləri diqqətə çatdırır: “Yaponiya və Cənubi Koreya iqtisadi möcüzələrinin təməlini müəllimlər inşa edib. Bu gün də Yaponiyada ən nüfuzlu peşələrdən biri məktəb müəllimidir – dərs deməyə yeni başlayan müəllim işə bizim pulla 5900 manat maaşla qəbul olunur. Məktəb müəllimlərinin orta maaşı 6985 manatdır, stajı 10 ildən çox olanların maaşı 8325 manatdan başlayır.
Cənubi Koreyada məktəb müəllimlərinin maaşı azı 4145 manatdır və hər staj ilinə görə artır.
Azərbaycanda məktəb müəllimlərinin sayı 140 min nəfərə yaxın göstərilir. Onların 4439 nəfərinin dərs yükü həftəyə 6 saat, maaşları 150 manatdır.
100 minə yaxın müəllimin dərs yükü 12-18 saat, maaşları 400-600 manat, 35561 müəllimin dərs yükü 18-24 saat, maaşları 800-1000 manat arası dəyişir.
Məktəb müəllimlərinin orta aylıq maaşı 605 manatı ötmür.
İstənilən ölkənin gələcəyinin təməli məktəbdə, təhsildə inşa edilir. Amma təhsil o vaxt effekt verir ki, iqtisadiyyatın tələblərini ödəsin, yəni təhsilin əsas sifarişçisi məhz iqtisadi model olmalıdır, bunun üçün isə azad və rəqabətli iqtisadi modelə ehtiyac var. Azad və rəqabətli iqtisadi model isə ədalətli məhkəməsiz mümkün deyil, ədalətli məhkəmə qurulması üçün isə normal seçkilərə ehtiyac var.
Seçkiləri isə elə müəllimlərin əli ilə saxtalaşdırırlar, deməli, müəllimlər bu işdə iştirak etməklə elə öz maaşlarını, qazanclarını kəsirlər. Müəllimləri seçki proseslərindən tam ayırmaq lazımdır, bu onların nüfuzuna da, ölkənin gələcəyinə də zərbə vuran amildir”.