Müharibə qanunlarını və adətlərini pozma hansı cəzalar nəzərdə tutur? Novator.az Azərbaycanın Cinayət Məcəlləsindəki maddəni təqdim edir:
Maddə 115. Müharibə qanunlarını və adətlərini pozma
115.1. Əsirləri, beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxsləri əsir götürmüş tərəfin silahlı qüvvələrində xidmət etməyə, habelə düşmən dövlətin vətəndaşlarını öz ölkələrinə qarşı yönəlmiş hərbi əməliyyatlarda iştirak etməyə məcbur etmə – iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
115.2. Bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə və ya onların üzərində tibbi, bioloji və başqa tədqiqatlar aparma, o cümlədən daxili orqanları köçürmə üçün çıxarma və ya öz qoşunlarını və ya obyektləri hərbi əməliyyatlardan qorumaq məqsədilə onlardan sipər kimi istifadə etmə, yaxud belə şəxsləri girov kimi saxlama və ya mülki əhalini məcburi işlərə cəlb etmə və ya digər məqsədlər üçün qanuni yerləşdiyi yerlərdən məcburi köçürmə – beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
115.3. Bu Məcəllənin 115.1 və 115.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxslərin ölümünə və ya sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – on ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır
115.4. Bu Məcəllənin 115.1-ci maddəsində göstərilən şəxsləri qəsdən öldürmə – on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.