Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın oktyabrın 2-si İsveçrənin Cenevrə şəhərində keçirdiyi görüşdən rəsmi məlumat yayılıb.
Xarici İşlər Nazirliyi bildirir ki, görüş Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin sülh müqaviləsinin mətninin hazırlanması barədə tapşırıqları əsasında təşkil edilib: “Ceyhun Bayramov səylərin Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyətli olduğunu vurğulayıb, Azərbaycanın təklif etdiyi baza prinsipləri əsasında müqavilənin elementlərini Ermənistan tərəfinin diqqətinə çatdırıb.
Sərhəddə gərginliyi nəzərə alaraq delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının noyabr ayında deyil, oktyabr ayında keçirilməsi təklif olunub.
Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının, nəqliyyat-kommunikasiya xətlərinin qısa müddətdə açılmasının, delimitasiya üzrə real irəliləyiş əldə edilməsinin zəruriliyini vurğulayıb.
Ceyhun Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu və sülh müqaviləsinin imzalanmasına hazırlığını bir daha ifadə edib, bu istiqamətdə müzakirələrin davam etdirilməsinə dair razılıq əldə olunub”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycan ərazilərinin altıda birini işğal edib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və bu əməliyyatlar nəticəsində əldə edilən razılaşmalarla ərazilərin böyük hissəsi azad olunub.
Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi, Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi işğalda qalır.
Hazırda Rusiyanın və Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılır. Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, ərazi iddialarının olmaması və olmayacağı barədə hüquqi öhdəliyin götürülməsi prinsipləri də əks olunub.