2022-ci il yanvarın 1-dən Azərbaycanda əmək pensiyaları orta maaşın illik artım tempinə uyğun olaraq 3,4 faiz artırılıb. Həmçinin yanvarın 1-dək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 200 manat məbləğində maddi yardım verilir (hər rübün əvvəlində 50 manat). Həmin yardım 2023-cü il yanvarın 1-dən etibarən pensiyaçıların illik pensiyalarının tərkibinə daxil ediləcək.
Qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına yanvarın 1-dən əmək pensiyası məbləğinin 10 faizi məbləğində aylıq maddi yardım verilir. 2023-cü il yanvarın 1-dən yardım pensiyaçıların pensiyalarının tərkibinə daxil ediləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 sentyabr məlumatına görə, “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi hazırlanıb, 2023-cü ilin yanvarın 1-dən bütün növ pensiyalar indeksləşdirilərək artırılacaq: “Xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənən 10 faiz, həmçinin başqa pensiyaçılara il ərzində ödənən 200 manat maddi yardım onların pensiyalarının tərkibinə daxil edildikdən sonra yekun pensiya məbləğləri orta aylıq əməkhaqqının illik artım tempinə uyğun indeksləşdiriləcək.
Misal üçün, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alan pensiyaçının pensiya məbləği yeni ildən 416,7 manat qəbul edilərək üzərinə indeksasiya faizi qədər artım hesablanacaq. Həmçinin xüsusi şərtlərlə pensiya alan hərbi qulluqçunun cari il ərzində aldığı, misal üçün, 800 manat pensiya və 10 faizlik maddi yardım toplanaraq 880 manat kimi qəbul ediləcək, üzərinə indeksasiya faizi qədər artım hesablanacaq”.
Azərbaycanda əmək pensiyası orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir, proses Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan rəsmi bilgi əsasında aparılır.
Novator.az bildirir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci il avqustun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə nisbətən 14,1 faiz artıb. İllik yekun rəqəm 2023-cü ilin fevral ayında açıqlanacaq.
Azərbaycanda kişilər 65, qadınlar 63 yaşda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq.
Əmək pensiyasının minimum məbləği 240 manatdır.
Pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (hazırda 34560 manatdır) tələb olunur. Əks halda pensiya yaşı çatan şəxs 180 manat müavinət alır.