İqtisadçı Rövşən Ağayev son iki ilin qiymət artımlarını təhlil edib: “Rəsmi statistikaya görə, Azərbaycanda istehlak qiymətləri indeksinin səviyyəsi Türkiyə ilə müqayisədə xeyli aşağıdır. 2022-ci ilin iyul ayına aid məlumat illik ifadədə 14%-ə yaxın inflyasiya göstərib. Qida inflyasiyası daha yüksəkdir – illik 21%. Yüksək qida inflyasiyası iki ildir davam edir. 2021-ci ildə 16% qida inflyasiyası qeydə alınmışdı.
Yeri gəlmişkən, inflyasiya səviyyəsinin ölkələr üzrə müqayisəsi etibarlı nəticələr əldə etməyə imkan vermir. Ölkələr fərqli məhsul və xidmət səbətindən istifadə edirlər. Məsələn, Azərbaycan inflyasiyanın hesablanması üçün hər ay 532 adda məhsul və xidmətlərin qiymətini müşahidə edir, Türkiyədə həmin göstərici 400-dən bir qədər artıqdır. Etibarlı və obyektiv inflyasiya göstəricisi əldə olunması üçün statistika orqanları səbətə mümkün qədər daha az, ev təsərrüfatlarının ən zəruri tələbatını ödəyən məhsul və xidmətləri daxil etməlidir. İnflyasiyadan siyasi göstərici kimi yararlanan hökumətlər isə məhsul və xidmətlərin sayının daha çox olmasında maraqlıdır. Bu, manipulyasiya imkanı verir və rəsmi statistikada inflyasiya göstəricisini daha aşağı səviyyədə əks etdirməyə şərait yaradır.
Azərbaycanda inflyasiyanın alternativ ölçülməsi aparılmır və yeganə istinad ediləsi mənbə rəsmi statistika orqanının aylıq, rüblük və illik göstəriciləridir. Amma rəsmi inflyasiya statistikası da qiymət artımlarının gəlirləri xeyli üstələdiyini nümayiş etdirir.
Qiymətlərin və gəlirlərin dinamikası üzrə tendensiyaları daha uzun müddəti (5-10 il) əhatə edən zaman intervalında izləmək lazımdır. Çünki bəzən iki və ya üç il daha yüksək inflyasiya tempi qeydə alınır, lakin gəlirlərin indeksasiyası yalnız bir ildə baş verir. Yaxud əksinə, hansısa ildə aşağı inflyasiya qeydə alınsa da, hökumət büdcədə maaş və sosial ödənişləri, eləcə də minimum əməkhaqqını artırmaqla gəlirlərin inflyasiyanı qabaqlayan artım tempini təmin edir.
2016-2022-ci illərdə (2022-ci ilin 8 ayının nəticələri) inflyasiya tempi (xüsusən də qida inflyasiyasının sürəti) gəlirlərin artım tempini üstələyib. 2018-2019-cu illər istisna olmaqla həm təhlil aparılan dövrün başlanğıcında, həm də son üç ilində qiymət artımlarının əhalinin gəlirlərini üstələməsi aydın görünür. Yalnız 2020-ci ildə orta maaşın artım tempi istehlak qiymətləri indeksinin artımını qarşılasa da, əhalinin adambaşına gəlirləri qida inflyasiyasından zəif artıb. Son iki ildə (2021-2022 illər) isə inflyasiyanın səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldiyi, əhalinin adambaşına gəlirlərinin artım tempini az qala 5-6 dəfə üstələdiyi aydın görünür.
Hökumətin gəlirlərin indeksasiyası hesabına əhalini inflyasiyadan qorumaq üçün istifadə etdiyi mexanizmlər isə effektiv deyil. Bura üç mexanizm daxildir: minimum əməkhaqqının artırılması; büdcə vasitəsilə maaş, pensiya, təqaüd və sosial müavinətlərin məbləğinin artırılması; yaşayış minimumunun dəyərinə ildə bir dəfə baxılması.
Minimum əməkhaqqı ilə bağlı qərarlar aşağı gəlirli ev təsərrüfatlarının gəlirlərinin formalaşmasında əhəmiyyətli rola malikdir. Son beş ildə (2017-2022-ci illərdə) minimum əməkhaqqı məbləği təxminən 2,6 dəfə artırılaq 116 manatdan 300 manata çatdırılıb. Lakin qısa müddətdə minimum maaş səviyyəsinin bu cür kəskin artımı əhalinin gəlirlərinin inflyasiya tempini üstələməsini təmin etməyib. Bunun başlıca səbəbi odur ki, ölkədə yalnız hər üç nəfərdən birinin gəlirləri əməkhaqqı gəlirləri hesabına formalaşır. İqtisadiyyatda məşğul olan 4,9 milyon nəfərə yaxın əmək qabiliyyətli əhalinin yalnız 1,7 milyon nəfəri muzdla, yəni rəsmi əmək müqaviləsi və rəsmi məvaciblə çalışır. Digər tərəfdən, əmək bazarı statistikasına görə, ən yaxşı halda hər beş nəfərdən biri minimum əməkhaqqına yaxın məbləğdə maaş alır.
Minimum əməkhaqqının artımı paralel olaraq iqtisadiyyat üzrə orta maaş məbləğinə də təsir edir. Rəsmi statistikaya əsasən, 2017-2022-ci illərdə orta aylıq əməkhaqqı nominal ifadədə 56% artıb.
Yaşayış minimumunun dəyərinin müəyyən edilməsinin hazırkı mexanizmi də gəlirlərin inflyasiya tempinə uyğun indeksləşdirilməsi baxımından effektiv deyil. Bu göstərici hər bir fərdin minimum yolverilən həddən aşağı olmayan səviyyədə özünün fizioloji və sosial-mədəni tələblərini ödəməsini qarşılaması üçün əmtəə və xidmətlər səbətinin dəyərini ifadə edir. Təhlil aparılan dövr üzrə əksər illərdə yaşayış minimumunun dəyəri inflyasiyadan daha zəif templə artıb. Əmək qabiliyyətli yaşda əhali üçün rəsmi yaşayış minimumu 2016-cı ildə 146 manat, 2022-ci ildə 220 manat təşkil edib – yəni 74 manatlıq və ya 50% artım var. Lakin rəsmi statistikanın 2016-cı və 2022-ci illər üzrə məhsul və xidmətlərin qiymət monitorinqi əsasında 20 ən zəruri qida məhsulunun qiymətləri və 3 kommunal xidmət növünün tarifləri əsasında apardığımız hesablama göstərir ki, ölkədə son 6 il üzrə qiymət artımı 75% ətrafında olub.
Əhalinin gündəlik istehlakında əsas yer tutan 20 adda qidadan təşkil olunmuş səbətin dəyəri 68% yüksəlib. Həmin dövrdə əsas kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su-kanalizasiya) üzrə əhalinin xərcləri orta hesabla 80% artıb. Yaşayış minimumunun bir nəfər hesabı ilə kommunal xidmətlər səbətinin dəyəri 2016-cı ildə 10,5 manat təşkil etdiyi halda hazırda 19 manatdır. Beləliklə, zəruri qida və kommunal xidmətlər səbətinin dəyəri əsas götürüldükdə son 6 ildə əhalinin yaşayışı 75%-dən çox bahalansa da, orta maaşlar 65%-ə yaxın artıb.
Əhalinin orta gəlirləri isə daha zəif templə yüksəlib. 2016-2021-ci illərdə adambaşına nominal gəlirlər cəmi 21% artmışdı və 2022-ci il üzrə gözlənən 13-14% mümkün artım da nəzərə alınsa, qiymətlərin gəlirlərdən az qala iki dəfə sürətlə artdığı aydın görünür.
Yeri gəlmişkən, hökumətin siyasi təbliğatda maaşların yüksək artımı baxımından vurğu etdiyi sosial qruplardan biri də təhsil işçiləri, xüsusilə də 2015-ci ildən sonrakı dövrdə diaqnostik qiymətləndirmədən keçmiş orta məktəb müəllimləridir. Amma bu qrup üzrə maaşların artım dinamikası göstərir ki, ötən 6 ildə orta məktəb müəllimlərinin məvaciblərinin artımı (təxminən 55%) real inflyasiyadan xeyli geri qalıb.
Beləliklə, son 6 ildə milli valyutanın ciddi dəyər itirməsi ilə kəskinləşən, ardınca qlobal pandemiya və Rusiya-Ukrayna müharibəsi, eləcə də iqtisadiyyatda rəqabətin yoxluğu və inhisarların hökmranlığı ilə daha da sürətlənən yüksək inflyasiya əhalinin gəlirlərini sürətlə yeyir. Bu problem yaxın 5 ildə ölkədə yoxsulluğu və sosial bərabərsizliyi daha da dərinləşdirəcək”.
Mənbə: Bakuresearchinstitute.org