“Rusiya prezidenti Vladimir Putinin yeni SSRİ yaratmaq cəhdi köhnə SSRİ-nin son dövrlərindəki qan-qadaya, xaosa təkan verir”. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Politico” qəzetində dərc edilmiş məqalədə belə deyilir.
Bildirilir ki, Kreml Rusiyanı Avrasiya qitəsində yerləşən, 30 ildən bir qədər çoxdur müstəqillik qazanmış dövlətlərə hakim olduğu zamana qaytarmağa çalışır: “Ancaq bu cəhd əks effekt verir və həmin dövlətləri Rusiyadan daha da uzaqlaşdırır.
Prezident Vladimir Putin Ukraynaya hücuma keçəndə 1950-ci illəri, yəni Sovet İttifaqının zirvədə olduğu dövrü bərpa edəcəyinə ümid bəsləyirdi. Əvəzində o, postsovet məkanında 1991-ci ildən, Sovet İttifaqı dağılandan sonra görünməmiş bir xaosa yol açıb.
Kreml diqqətini Ukraynada apardığı qanlı müharibə üzərində cəmləyib. Bu isə Şərqi Avropada, Qafqazda, Mərkəzi Asiyada yerləşən, vaxtilə rus imperiyasının tərkibində olmuş, SSRİ dağılandan müstəqillik əldə etsə də Moskvanın təsir dairəsindən çıxmamış ölkələrin sanki başlı-başına qalması ilə nəticələnib və indi həmin ölkələrin açıq-aşkar “asilik” etməyə girişdiyini görmək mümkündür.
Rusiya keçmiş təbəələri arasında nüfuzunu itirdikcə yeni münaqişələr alovlanır, yeni müttəfiqliklər qurulur və köhnə toqquşmalar baş qaldırır”.
Məqalədə deyilənlərə sübut kimi son günlər Ermənistan-Azərbaycan, Tacikistan-Qırğızıstan sərhədində çoxsaylı itkilərə gətirib çıxarmış silahlı qarşıdurmalar misal göstərilir. Eyni zamanda Rusiyanın cəhdlərinə baxmayaraq Qazaxıstan, Moldova və Gürcüstanda Kremlin arzularına və maraqlarına zidd siyasi kursun gücləndiyi, rəsmi səviyyədə Moskva əleyhinə açıqlamalara rast gəlindiyi vurğulanır. Başı Ukrayna müharibəsinə qarışmış və son zamanlar Ukrayna cəbhəsində geriləməyə məcbur olmuş Rusiya hakimiyyətinin isə bu prosesləri, yəni postsovet məkanındakı qabarmaları cilovlaya bilmədiyi qeyd olunur.
Məqalədə bildirilir ki ötən həftə Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən sammiti də Moskvanın, Vladimir Putinin mövqelərinin zəiflədiyinə dəlalət edib: “Putin Səmərqənddə Çin Xalq Respublikasının sədri Si Cinpinlə də görüşdü və sonradan etiraf etdi ki, Çinpinin Ukrayna müharibəsi ilə bağlı sualları, narahatlıqları olub.
Cinpinin mətbuat üçün bəyanatının da çox ehtiyatla hazırlandığını sezmək mümkündür. O, mətbuata açıqlamasında dedi ki, Çin Rusiya ilə işləməyə “dünyanın və zəmanənin dəyişdiyi, tarixi dəyişikliklərin baş verdiyi bir dövrdə böyük güclərin məsuliyyət daşıdığını sərgiləmək, habelə xaos içində olan dünyaya sabitlik və müsbət enerji aşılamaq” şərtləri çərçivəsində hazırdır.
Halbuki Moskva bu ilin fevralında Ukraynaya hücum çəkəndən bir qədər əvvəl Putinlə görüşən Cinpin onun ölkəsi ilə Rusiya arasında tərəfdaşlığın hüdudsuz olduğunu bəyan etmişdi. Çin liderinin Səmərqənddə dedikləri əvvəlki bəyanatının ruhuna heç uyğun gəlmir.
Çinpin Səmərqənddə onu da vurğuladı ki, Çin Qazaxıstana müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün müdafiəsi məsələsində hərtərəfli dəstək verəcək.
Açıq-aydın görünür ki, bölgədə yeni nüfuzlu oyunçu meydana çıxıb”.
Mənbə: Politico.eu