Ələsgər Məmmədli
Hüquqşünas
“Siyasi partiyalar haqqında” yeni qanunun layihəsinə görə, partiya parlament, prezident və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə Ədliyyə Nazirliyi apellyasiya məhkəməsində iddia qaldırıb qurumun ləğvini istəyə bilər.
Bu normanın hüquqi problem yaradan tərəfi nədir?
Azərbaycan Konstitusiyasında majoritar (dairələr üzrə) seçki sistemi müəyyən edilib. Yəni biz parlament seçkilərində partiyalara deyil, şəxslərə səs veririk. Prezident və bələdiyyə seçkilərində də eyni qayda var.
Partiyalar seçkilərdə passiv seçki hüququnun subyekti deyil. Onların adını bülletenə yazmırlar. Passiv seçki hüququnun subyekti olmayan tərəfi onun mənsubu olan namizədin seçkidə iştirakdan imtinasına görə cəzalandırmaq absurddur. Namizədin seçkidə iştirakla bağlı verəcəyi qərar onun subyektiv hüququdur və hüququndan istifadəyə görə onun mənsub olduğu partiyanı cəzalandırmaq legitim deyil.
Konstitusiyada seçki hüququ yalnız vətəndaşa hüquq olaraq tanınıb, vəzifə olaraq öhdəlik kimi nəzərdə tutulmayıb. Bəzi ölkələrdə seçkidə iştirak həm hüquq, həm də vəzifə olaraq müəyyən edilə bilir. Bizdə yalnız hüquq kimi müəyyən olunduğundan hüquqdan istifadə etməyə, yaxud etməməyə görə məsuliyyət müəyyən edilə bilməz. Deməli, bu tələb konstitusiyaya ziddir və qanunla nəzərdə tutula bilməz.
Hazırkı Seçki Məcəlləsində siyasi partiyaların seçkidə rolu yalnız namizəd irəli sürməklə bağlıdır. Namizəd irəli sürən siyasi partiyanın namizədinin qeydiyyata alınması Mərkəzi Seçki Komissiyasının və dairə seçki komissiyalarının səlahiyyətləri arasındadır. Tutalım, siyasi partiya parlament seçkisində 10 namizəd irəli sürüb, lakin qurumun heç bir namizədi qeydə alınmayıb. Bütün cəhdlərinə rəğmən namizədi qeydə alınmayan partiyanın seçkidə iştirak etmədiyi (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) əsası ilə cəzalandırılması absurddur.
Boykot siyasi etiraz vasitəsidir və siyasi tərəflərin əlində önəmli təsir riçaqıdır. Necə ki, Əmək Məcəlləsində işçilərin etiraz əlaməti olaraq tətil hüquq var, siyasi partiyaların da siyasi müstəvidə etiraz olaraq boykot hüquq var. Boykot etməyə görə siyasi partiyanın cəzalandırılması siyasi hüquqları tanımamaq və yox saymaqdır.
Bu arqumentlərin hər biri göstərir ki, siyasi partiyalar qanununa belə bir müddəanın salınması konstitusiyanın pozulması, demokratik fəaliyyəti önləməsi olar.
Partiyaların yeni qanunu: layihə dərc edildi
“Siyasi partiyalar haqqında” qanun (Layihə)
“Ölkədə elə bir müxalifət var ki…”