Milli Məclis sentyabrın 7-də “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsini təqdim edib. Layihənin parlamentin payız sessiyasında müzakirəyə çıxarılması gözlənir. Payız sessiyası sentyabrın 30-da başlanacaq.
Novator.az bildirir ki, parlamentin daxili nizamnaməsinə görə, Milli Məclisin sədri qanun layihəsini komitəyə göndərməli və ona baxılması müddətini müəyyən etməlidir.
Komitə qanun layihəsi üzərində iş aparmaq üçün işçi qrup yarada bilər. Milli Məclisin Aparatı qanun layihəsinin ictimai dinləmə və ictimai müzakirəsini təşkil etməyə məsuldur. Dinləmə və müzakirənin komitə iclası ilə birlikdə keçirilməsi mümkündür.
Qanun layihəsinə aid qeyd və təkliflərə komitənin iclaslarında baxılır, layihə plenar iclasın gündəliyinə daxil edilmək üçün Milli Məclisin sədrinə təqdim edilir.
Parlamentin plenar iclasında layihəyə üç oxunuşda baxılır.
Birinci oxunuş nəticəsində Milli Məclisin bu qərarlardan birini qəbul edir: layihə birinci oxunuşda qəbul edilsin, təkliflər və iradlar nəzərə alınmaqla onun üzərində iş davam etdirilsin; əsaslar və səbəblər göstərilməklə layihə rədd edilsin; layihənin qəbul edilməsi müəyyən müddətə təxirə salınsın; irad və təkliflər göstərilməklə layihə yenidən işlənməsi üçün geri qaytarılsın; qanun qəbul edilsin.
Milli Məclis birinci oxunuşda qəbul edilmiş qanun layihəsinin ictimai dinləməsinin və ya ictimai müzakirəsinin keçirilməsi haqqında qərar qəbul edə bilər.
Birinci oxunuşda qəbul edilmiş qanun layihəsinə dair təklifləri və iradları komitə öyrənir və ümumiləşdirir. Qruplaşdırılmış dəyişikliklərə komitənin iclasında baxılır və komitə bu dəyişikliklərlə razı olduqda onları layihənin mətninə daxil edir. Yenidən işlənmiş qanun layihəsi ikinci oxunuş üçün Milli Məclisin sədrinə göndərilir.
İkinci oxunuşda qəbul edilmiş qanun layihəsi müzakirə zamanı müəyyənləşdirilmiş daxili ziddiyyətlərin aradan qaldırılması və redaktə edilmək üçün aparıcı komitəyə qaytarılır. Bu iş başa çatdıqdan sonra aparıcı komitə üçüncü oxunuş üçün hazırlanmış qanun layihəsini Milli Məclisin sədrinə göndərir.
Üçüncü oxunuş zamanı qanun layihəsi bütövlükdə səsə qoyulur, bu zaman onun mətnində dəyişikliklər edilə bilməz.
Milli Məclisin müzakirəsində üçüncü oxunuşda olan qanun layihəsi 63 səs çoxluğu ilə ikinci oxunuşa qaytarıla bilər.
Azərbaycan Konstitusiyasına görə, qanun Milli Məclisdə qəbul edildiyi gündən 14 gün müddətində imzalanmaq üçün prezidentə təqdim olunmalıdır.
Prezident qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalamalıdır.
125 nəfərlik Milli Məclisin hazırda 118 deputatı var. Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası parlamentdə 69 nəfərlə təmsil olunur. Vətəndaş Həmrəyliyi Partiyası 3, Respublikaçı Alternativ, Demokratik İslahatlar, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ana Vətən, Milli Cəbhə, Vəhdət, Vətəndaş Birliyi, Demokratik Maarifçilik partiyaları 1 mandata sahibdir, 37 deputat partiyasızdır.