QULAQ – sovet dövründə, Stalin hakimiyyəti illərində məcburi əmək düşərgələrini idarə etmiş dövlət qurumunun – İslah-Əmək Düşərgələri Baş İdarəsinin rusca adının qısaltmasıdır. Novator.az saytının məlumatına görə, ABŞ-ın “The Hill” qəzeti Çində uyğurların saxlandığı düşərgələri QULAQ-la müqayisə edir və həmin düşərgələri “müsəlman QULAQ”ı adlandırır.
“Müsəlman QULAQ”ında bir milyondan çox uyğurun və Çində yaşayan digər müsəlman azlıqların nümayəndələrinin saxlandığına diqqət çəkən “The Hill” qəzeti onu da qeyd edir ki, faşist Almaniyasından sonra dünyanın heç bir yerində insanlar dini mənsubiyyətinə görə bu dərəcədə kütləvi şəkildə azadlıqdan məhrum edilməyib. Lakin nasist Almaniyasından fərqli olaraq Çinin kommunist rejimi bu cinayətinə görə beynəlxalq səviyyədə cəzaya məruz qalmayıb və “The Hill” bunu ciddi narahatlıq doğuran acı həqiqət kimi vurğulayır.
Qəzet xatırladır ki, avqustun sonunda Mişel Baçelet BMT-nin insan haqları üzrə ali komissarı postunu tərk etməzdən bir neçə dəqiqə qabaq Çində uyğurların vəziyyətinə dair hesabatını dərc edib.
Hesabatda Çin hakimiyyətinin xüsusilə 2017-2019-cu illərdə terror və ekstremizmə qarşı mübarizə adı altında Sincan Uyğur Muxtar Rayonunda sərt kampaniya apardığı, müsəlman uyğurların hüquq və azadlıqlarını kobud surətdə pozduğu bildirilir və özbaşına həbs olunmuş etnik-dini azlıq nümayəndələrinin azadlığa buraxılması tövsiyə edilir.
“The Hill” yazır ki, nə qədər paradoksal səslənsə də, bu hesabat həm də Çin hakimiyyətinin cəzadan yayındığını göstərir və onun məsuliyyətə cəlb edilməsinin qeyri-real olduğundan xəbər verir. Qəzet bunu yazarkən yada salır ki, Mişel Baçelet uyğurların vəziyyətinə dair hesabatın dərcini bir il yubadıb, 2022-ci ilin may ayında Çinə səfərini isə Pekin rejiminin ciddi nəzarəti altında gerçəkləşdirib və səfərini yekunlaşdırandan sonra Sincan Uyğur Muxtar Rayonunda baş verənlər barəsində heç bir kəskin fikir söyləməyib. Qəzet bildirir ki, BMT-nin insan haqları üzrə ali komissarı hesabatı çox güman ona görə istefaya getməkdə olduğu anda çap etdirib ki, sənədin dərci onun xələflərinin vaxtına düşməsin, məsələ Baçeletin tərcümeyi-halında “qara ləkə” kimi qalmasın.
“The Hill” uyğurların əzablarına qarşı etinasızlığın bununla çərçivələnmədiyini, ümumən dünyanın bir çox ölkəsində uyğur məsələsinə laqeydliyin hökm sürdüyünü vurğulayır. Qəzet Sincan bölgəsindəki repressiyalara müsəlman ölkələrinin susqunluğunu xüsusən heyrətamiz bir fakt kimi qeyd edir və bunu Çinin dünyada iqtisadi, geosiyasi çəkisinin artması ilə əlaqələndirir. Mişel Baçeletin hesabatının dərcinin gecikməsi də Çin hakimiyyətinin təzyiqləri ilə izah olunur.
“The Hill” qəzeti “Çində müsəlmanlar üçün QULAQ” adlı məqaləsinin sonunda bildirir ki, İkinci Dünya müharibəsi başa çatanda Almaniyanın Nürnberq şəhərində Beynəlxalq Hərbi Tribunal qurulmuş, insanlıq əleyhinə cinayətlərdə əli olanlar mühakimə edilmişdi. İndi Sincanda da insanlıq əleyhinə cinayətlərin törədildiyini vurğulayan qəzet bununla belə “müsəlman QULAQ”ının arxasında duran Çin məmurlarının Nürnberq Beynəlxalq Hərbi Tribunalındakına oxşar bir mühakimə prosesi ilə üzləşəcəyinə şübhəsini çatdırır və bu gedişatla Pekin rejiminin Çində müsəlman icmalarını tam çinliləşdirib ram edə biləcəyi barədə xəbərdarlıq edir.
Mənbə: Thehill.com