Sentyabrın 5-i Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının yeni liderinin adı açıqlanıb: Elizabet (Liz) Trass.
Novator.az bildirir ki, iyulun 7-dək Mühafizəkarlar Partiyasına baş nazir Boris Conson liderlik edib. O, partiya daxilində etimadı itirdiyinə görə istefa verib, ancaq yeni lider seçilənə qədər səlahiyyətlərini saxlayıb.
Ölkə parlamentinin alt qanadı olan İcmalar Palatasının Mühafizəkarlar Partiyasından deputatları iyul ayında yeni lider seçkisi üzrə 5 səsvermə keçirib, son mərhələyə çıxan iki namizəd – Rişi Sunak və Liz Trass arasında seçim eləmək qurumun üzvlərinin öhdəsinə buraxılıb. Sentyabrın 5-də açıqlanan nəticələrə görə, Liz Trass 81326 səslə qalib gələrək baş nazir kürsüsünə oturmaq hüququ əldə edib.
Rişi Sunak 60399 partiyadaşının dəstəyini alıb.
Liz Trass 1975-ci ildə doğulub. Oksford Universitetinin Merton kollecini bitirib. Liberal Demokrat Partiyasının üzvü olub, 1996-cı ildə Mühafizəkarlar Partiyasına qoşulub. 2014-2016-cı illərdə ətraf mühit, ərzaq və kənd təsərrüfatı naziri, 2016-2017-ci illərdə ədliyyə naziri, 2019-2021-ci illərdə xarici ticarət naziri postlarını tutub. 2021-ci il sentyabrın 15-dən xarici işlər naziridir.