“Tərtər işi” adı ilə tanınan cinayət işi üzrə yeni məlumat yayılıb.
2017-ci il mayın 8-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayaraq bildirmişdi ki, Tərtər rayonu istiqamətində bir qrup hərbi qulluqçu və mülki şəxs hərbi sirr təşkil edən məlumatları xarici düşmənə ötürüb, toplanmış materiallar əsasında 3 may 2017-ci ildə Hərbi Prokurorluqda cinayət işi başlanıb, bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilib.
“Tərtər işi” adı ilə tanınan bu iş üzrə yüzlərlə hərbi qulluqçu ermənilərlə məxfi əməkdaşlıqda şübhəli bilinməklə fiziki təsirlərə və qanunsuz sorğuya məruz qalıb, bir çox şəxs xəsarətlər nəticəsində həlak olub.
2021-ci il dekabrın 18-də Baş Prokurorluq məlumat yayaraq bildirib ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçular 2017-ci ilin may-iyun ayları ərzində qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri onların ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyublar: “Hərbi Prokurorluqda həmin faktlarla bağlı cinayət işləri başlanaraq 19 təqsirləndirilən şəxs barəsində 5 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb məhkəmələrə göndərilib, onlar müxtəlif cəzalara məhkum ediliblər.
2021-ci il dekabrın 16-da Baş Prokurorluqda cinayət işlərinin icraatının təzələnməsi haqqında qərarlar qəbul edilib. Cinayət işləri Baş Prokurorluğun icraatına qəbul edilməklə ibtidai istintaq baş prokurorun xüsusi nəzarətinə götürülüb”.
Baş Prokurorluğun 5 sentyabr 2022-ci il məlumatına görə, işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 288 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınıb, bununla zərərçəkmiş şəxslərin sayı 405-ə yüksəlib: “Təmkin Nizamioğlunun işgəncələrə məruz qalması nəticəsində aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi barədə sübutlar əldə edildiyindən onun meyiti ekshumasiya edilib və keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə də bu hal təsdiq olunub. Cinayət-prosessual qanunvericiliyə uyğun olaraq qeyd edilən şəxsin yaxın qohumunun zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması təmin edilib.
Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilən Orucov Bəkir Şirin oğlu və Əhmədov Ramil Bəşir oğlu ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma, qanunsuz azadlıqdan məhrum etmə, işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza, vəzifə səlahiyyətlərini aşma ittihamları ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər, onları barəsində həbs qətimkan tədbiri seçilib”.
Həmçinin Məmmədov Rahib Ramazan oğlunun həbs edildiyi, hazırda cəza çəkən Cümşüdov Qurban Qədim oğlu və Ağadadaşov Cavid Zahid oğluna əlavə ittihamlar elan edildiyi bildirilir: “Beləliklə, cinayət işləri üzrə icraatın təzələnməsindən ötən müddət ərzində ümumilikdə 17 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 12 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 1 nəfər barəsində axtarış elan olunub, 4 nəfər isə başqa cinayətlərə görə cəzaçəkmə müəssisələrində cəza çəkir.
Məhkum olunmuş 26 şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslarla, digər 7 şəxs barəsində olan təqibə müəyyən epizodlar üzrə bəraətverici, bir qisim epizodlar üzrə isə bəraətverici olmayan əsaslarla xitam verilməsi haqqında qərarlar qəbul edilib.
Hüseynov Mehman Telman oğlu və Ağazadə Elxan Kəmaləddin oğlu barəsində dövlətə xəyanət ittihamı ilə aparılmış cinayət təqibinə öldüklərinə görə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qəbul edilmiş 19 dekabr 2017-ci il qərarları ləğv edilib və onlarla əlaqədar bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmaqla yekun qərarların qəbul edilməsi təmin ediləcək.
Əvvəllər istintaqı aparılmaqla məhkəməyə göndərilmiş 3 cinayət işi üzrə dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində yeni açılmış hallarla əlaqədar həmin şəxslər barəsində olan məhkəmə qərarlarına yenidən baxılması üçün Ali Məhkəmənin Plenumuna müraciət edilib”.