AXCP sədri Əli Kərimli Dövlət Neft Şirkəti (SOCAR) ilə bağlı şərh yayıb. Siyasətçi qeyd edir ki, qurumun yeni rəhbərliyi işə maaşlarını artırmaqdan başlayıb: “SOCAR rəhbərliyinin maaşı onsuz da yüksək idi. İndi əməkhaqqını iki dəfə artırıblar, şirkət prezidentinin aylıq maaşı 13 min manat, vitse-prezidentlərin maaşları 12-13 min manat, idarə və şöbə rəislərinin maaşları 6-11 min manat olacaq.
Etiraz edənləri “dünya təcrübəsi” ilə susdururlar: bilmirsiniz filan xarici neft şirkətinin prezidenti, digər rəhbər işçiləri nə qədər maaş alır?!
Bilirik, xəbərimiz var. Ancaq həmin xarici neft şirkətlərinin fəhlə və işçi heyəti də yüksək əməkhaqqı alır. Siz neftçilərin başını 500-1500 manat maaşla qatıb özünüzə bundan 10-20 dəfə artıq maaş yazanda, əlbəttə ki, ictimai vicdan sizi qınayacaq.
Xarici neft şirkətlərinin rəhbər heyətinin maaşını nümunə gətirmək həm də ona görə yersizdir ki, onlar işlərinin öhdəsindən gəlir. Bizə nümunə göstərdiyiniz neft şirkətlərinin xalis qazancı bu ilin ilk yarısında 10 milyardlarla dollar olub. Dövlətlərinin büdcəsinə də çoxmilyardlıq vergilər ödəyiblər. SOCAR isə son bir ildə 4 milyard manat zərər edib. Bununla da SOCAR-ın dövlət təminatlı xarici borcu 15 milyard manatı keçib. Mən hələ onu demirəm ki, indiyə qədər neçə dəfə SOCAR-ın milyardlarla manat borcu büdcə hesabına silinib.
Başqa bir sual da çıxır ortaya. Dünya təcrübəsi sizin yadınıza nəyə görə ancaq öz maaşlarınızı müəyyənləşdirəndə düşür? Bir halda ki, xaricdəki əmək haqlarını əsas götürüb özünüzə yüksək maaş təyin edirsiniz, o zaman sadə, zəhmətkeş neftçinin də, müəllim, həkim, büdcədən maliyyələşən işçilərin də əməkhaqqını, ölkədəki pensiya və müavinətləri də həmin dünya təcrübəsinə uyğunlaşdırın. Əhalinin 95 faizinin taleyin ümidinə buraxılıb 2-3 faizin bütün sərvətlərə əl qoyması ictimai vicdanı incidir və ölkədəki sosial gərginliyi daha da artırır”.
Novator.az bildirir ki, SOCAR Azərbaycanda və xaricdə neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını, hazırlanmasını, işlənməsini, neftin, qazın, kondensatın hasilatını, nəqlini, emalını, neft, neft-kimya və qaz məhsullarının paylanmasını, satışını həyata keçirir. Qurum 2020-ci ildə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. 2021-ci ildə SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılıb. Müşahidə Şurasına sədrlik iqtisadiyyat naziri Mikayıl Cabbarova həvalə olunub.
2022-ci il fevralın 10-da Rövnəq Abdullayev Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilib. Rövnəq Abdullayev bu postu 2005-ci ildən tutub, hazırda iqtisadiyyat nazirinin müavinidir.
2022-ci il iyulun 21-də Rövşən Nəcəf Dövlət Neft Şirkətinin prezidenti təyin olunub. Rövşən Nəcəf 2022-ci il fevralın 10-dan şirkətin birinci vitse-prezidenti, prezident vəzifəsinin icraçısı idi.