Ədliyyə Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının dövlət qeydiyyatı üçün təqdim etdiyi sənədləri üçüncü dəfə geri qaytarıb.
Qubad İbadoğlunun sədrlik etdiyi partiya 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılıb. Təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib, sənədlər noyabrın 11-də dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə təqdim edilib.
2022-ci il martın 1-də Ədliyyə Nazirliyinin sənədləri geri qaytardığı məlum olub. Rəsmi cavabda sənədlərdə bəzi qüsurlar olduğu vurğulanıb. Martın 16-da partiya Ədliyyə Nazirliyinə yenilənmiş sənədlər təqdim edib. İyunun 21-də Ədliyyə Nazirliyi imza çatışmazlığı iradı tutaraq sənədləri yenə geri qaytarıb.
İyulun 5-də partiya üçüncü dəfə Ədliyyə Nazirliyinə müraciət edib. Novator.az-ın məlumatına görə, nazirlikdən avqustun 17-də göndərilmiş rəsmi cavabda qeyd olunub ki, qurumun nizamnaməsində parlament, prezident və bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi qaydası yer almır.
Qubad İbadoğlu açıqlama yayaraq bu iradı əsassız saydığını vurğulayıb: “ADR Partiyasının nizamnaməsinə əsasən, prezident seçkisi və Milli Məclisə seçki zamanı namizədlərin müəyyən edilməsi Ali Məclisin, bələdiyyə seçkilərində namizədlərin müəyyən edilməsi rayon təşkilatları məclislərinin səlahiyyətindədir.
Göstərilən çatışmazlıq həqiqətən varsa, Ədliyyə Nazirliyi onu dövlət qeydiyyatı üçün ilk müraciətə cavabında bildirməli idi. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna görə, sənədlərdəki bütün çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün təqdim olunmalıdır. İndi tutulan irad əvvəlki iki müraciətimizin araşdırılması zamanı aşkar edilməyib və aradan qaldırılması üçün partiyaya təqdim olunmayıb. Bu o deməkdir ki, Ədliyyə Nazirliyi qanunun tələblərini açıq və kobud şəkildə pozub.
Azərbaycanda siyasi partiyaların və ictimai birliklərin dövlət qeydiyyatına alınması siyasi məsələdir. ADR Partiyasının qeydiyyatı üzrə qərar da Prezident Administrasiyasında verilib”.
Qubad İbadoğlu əlavə edib ki, ADR Partiyasının İdarə Heyəti bir daha Ədliyyə Nazirliyinə müraciət etməyərək məhkəmələrə üz tutmaq qərarı verib.
Hazırda dövlət qeydiyyatında olan 58 siyasi partiyanın fəaliyyəti 1992-ci il iyunun 3-də qəbul edilmiş qanunla tənzimlənir. Qanuna görə, siyasi partiyanın qeydə alınması üçün Azərbaycanın azı 1000 vətəndaşı onun üzvü olmalıdır. Partiyanın dövlət qeydiyyatına alınması üçün təsis olunduğu gündən bir ay müddətində müraciət olunmalı, nizamnamədə bunlar nəzərdə tutulmalıdır:
siyasi partiyanın adı, adının qısaldılmış forması, məqsədləri və vəzifələri;
siyasi partiyanın strukturu;
siyasi partiyanın üzvlüyünə qəbul olunmağın və ondan çıxmağın şərtləri və qaydası;
siyasi partiyanın üzvlərinin hüquqları və vəzifələri;
siyasi partiyanın üzvləri barəsində Azərbaycan qanunlarına zidd olmayan intizam tədbirləri və bunların tətbiqinin əsasları;
ərazi təşkilatları ilə qarşılıqlı münasibətləri;
siyasi partiyanın rəhbər orqanlarının təşkili qaydası və səlahiyyətləri, onların səlahiyyət müddətləri;
qərarların, o cümlədən siyasi partiyanın ləğvi barədə qərarın qəbul olunması, həyata keçirilməsi qaydası və nəzarət formaları;
partiya üzvlərinin və onların nümayəndələrinin yığıncağının çağırılması şərtləri, formaları və müddətləri;
Milli Məclisin, prezidentin və yerli özünüidarəetmə orqanlarının seçkiləri zamanı siyasi partiyadan nümayəndələrin irəli sürülməsi qaydası;
siyasi partiyanın orqanlarında iradənin ifadə olunması qaydası;
siyasi partiyanın üzvlərinin siyasi partiyanın rəhbər orqanlarının qərarlarından şikayət etmək qaydası;
siyasi partiyanın vəsaitinin və başqa əmlakının əmələ gəlməsi mənbələri;
siyasi partiyanın nizamnaməsinə dəyişikliklər və əlavələr edilməsi qaydası;
siyasi partiyanın fəaliyyətinə xitam verilməsi qaydası və onun əmlakının taleyi.
Qubad İbadoğlu 1971-ci ildə doğulub. İqtisad elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetində və dünyanın bir çox ölkəsinin ali məktəbində dərs deyib, hazırda London İqtisadiyyat Məktəbinin professorudur.
ADR Partiyasının rəhbərliyində Adil Qeybulla, Arifə Hüseynli, Ellada Məmmədli, Ədalət Yusub, Əlövsət Sadıqlı, Əlövsət Talışxanlı, Hüseyn Məlik, Rafiq Abdullalı, Rövşən Dəmirli, Rüfət Əliyev, Rüfət Muradlı, Samir Abbaslı və başqa şəxslər yer alır.
ADR Partiyası nazirliyə üz tutdu
ADR-in qeydiyyat müraciəti nə yerdədir?
ADR-in qeydiyyatı səssizlik içində
ADR Partiyasının sənədləri niyə geri qayıtdı?
ADR Partiyası yenə Ədliyyə Nazirliyinə üz tutur
ADR-in qeydiyyatı: müddət başa çatıb