Natiq Cəfərli
REAL Partiyası
1842-ci ildə Britaniya Honkonqu ələ keçirib öz koloniyası elan etmiş, amma 1899-cu ildə imzalanan, 1911-ci ildə təsdiqlənən müqavilələrlə bölgəni müəyyən şərtlər çərçivəsində qaytaracağını təsdiqləmişdi.
1997-ci ildə Honkonq Çinə qaytarıldı.
Çinlilərin dünyaya baxışı fərqlidir, döyüşçü deyillər, ticarətçidirlər. “Düşməninin ölüsünü görmək istəyirsənsə, çayın kənarında otur gözlə, bir gün çay düşmənin meyitini qarşından axıdacaq” – belə düşüncəyə malik toplum müharibə eləməz. “İki pələng döyüşürsə, ağıllı meymun ağaca çıxıb bu döyüşün sonu gözləyir” fikrini siyasi doktrinaya çevirən Çin ilk güllə atmaz, bu döyüşə daxil olmaz. Ona görə də “Çin təyyarəni vuracaq, Tayvana qoşun yeridəcək” fikirlərinin əvvəldən əsası yox idi. Yəni Çin Rusiya kimi emosional və axmaq deyil ki, özü gedib quyuya, bataqlığa düşsün.
Çinin dünyaya diktə edə biləcəyi ideoloji doktrinası da yoxdur, buna iddia etmir.
Bəs təhlükəsi nədir?
Çinin ən böyük təhlükəsi odur ki, avtoritar rejimin də uğurlu, güclü model qura biləcəyini sübut edə, bu isə dünyada demokratik sistemlərin uğur hekayəsini şübhə altına qoya bilər. Çin modelinə qədər heç kimdə şübhə yox idi ki, rifahın yolu liberal iqtisadiyyat və demokratiyadır, Pekinin son 30 ildə keçdiyi yol bu haqda müzakirələri qızışdırdı.
Qərbin son illər liberal bazar və iqtisadiyyatdan uzaqlaşması da bu polemikanı qızışdırdı. ABŞ və Avropa Birliyi son illər iqtisadiyyata çox “sol” müdaxilə etdilər, Qərbin tarixi üstünlüyünü şübhə altına qoydular, liberal iqtisadi modeldən kənarlaşdılar.
Məhz buna görə dünyada avtoritar liderlərin və ölkələrin, o cümlədən Rusiya və Çinin ayağı yer aldı, daha aqressiv davranmağa başladılar – sadəcə Rusiya daha emosional və ağılsız, Çin isə çox soyuqqanlı və ağıllıdır. Qərbin bu iki nəhəngi yerinə oturtması ancaq öz əski, əsl liberal ayarlarına geri dönməsi ilə mümkün ola bilər – təhlükəsizlik adı altında azadlıqları azaltmaqla, liberal iqtisadiyyatdan əl çəkməklə Çinlə Rusiyaya qalib gəlmək olmaz, çünki hər iki avtoritar ölkənin ən zəif yeri məhz liberal iqtisadiyyat və azadlıqların genişlənməsidir.
Mövzu ilə əlaqədar bax: Adadakı Çin