Onunla tanışlığımız üçcə ayın söhbətidir…
Konflikt Jurnalistikası Məktəbindəki (KJM) təlim kursunun rəhbəri Əlisəfa Mehdi ən sevimli tələbəsinə çevrilən Şəms Rəfizadəyə “Özümdən balaca adam görəndə çox sevinirəm” deyirdi. Şəms auditoriya təliminin ilk günündən sonuna kimi ön planda oldu, layihə rəhbərinin kompüterindən faylları paylaşdı, ekrana görüntü verdi, bir sözlə, geridə qalmaq istəmədi.
Təlimdə hər ekstremal jurnalist, hərbi ekspert, başqa qonaqla görüşdən sonra əlaqə telefonunu hamıdan öncə Şəms aldı. Azərbaycan Dillər Universitetinin jurnalistika fakültəsinin birinci kurs tələbəsidir, amma çevrəni indidən genişləndirir, özünə gələcək iş üçün baza yaradır.
Məncə, Şəms Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) keçirilən bir təlimi belə ötürmədi. Psixoloji testləri, hər yoxlama tapşırığını dəf edərək çətin vəzifələri asanlıqla yerinə yetirdi.
TTM-də Şəmslə elə də ünsiyyətimiz olmadı, fasilələrdə bir çoxu ilə danışsam da, onunla xüsusi bir söhbətimiz alınmadı. İnsanı tanımırsansa, ilk addım atmaq, arada olan psixoloji maneəni aradan qaldırmaq asan iş deyil.
KJM-ə xeyli adam yazılmışdı, çöl-meşə, poliqon təliminə isə 20-25 nəfər gedə bilərdi. Hər məşğələdən sonra sıralarımız seyrəlirdi, amma bir hissə davamlı olaraq dərslərə gəlirdi. İki ay yarıma kimin gedəcəyi, kimin qalacağı bilinirdi.
Quru Qoşunlarının hərbi hissələrində, daha sonra poliqon şəraitində təşkil olunan təlimə 28 nəfər getməli idi. Bir nəfər getmədi. İlk mərhələni dəf edəndən sonra isə 22 nəfər qaldı, ən ağır çöl-meşə təliminə həmin jurnalistlər qoşuldu.
Şəms bu hissəyə bəlkə də ən hazırlıqlı gələnlərdən idi. Xüsusi eynəkdən tutmuş şəraitə uyğun geyimə qədər hər detalı düşünmüşdü. Bıçağı da vardı, baş örtüyü də. Bu bapbalaca qızın aptek ləvazimatı da xüsusi seçilirdi, bir iki dəfə tibbi yardım da göstərdi.
Şikayətləndiyini heç görmədim. Çöl-meşə şəraitində bir növ yaxınlaşdıq, doğmalaşdıq onunla. Başçılıq etdiyim dəstəni bir neçə jurnalist tərk etdiyindən o biri komandadan Şəms və Aysel Şahmar bizim komandaya keçdi. Boyu balaca olduğundan onu görmək üçün elə hey boylanırdım.
Təlimin ən ağır günü dəstəmiz verilən koordinatla hərəkət edərək haradasa 10 kilometr məsafə qət etməliydi. Meşədə, tikanlı ağacların arasıyla dəf etdiyimiz təpələrin sayını itirdik.
Dəstəmiz xüsusi proqramın köməyi ilə 4 dəfə koordinat dəyişərək son yerə çatmalı idi. Dəstə başçısı olsam da, smartfonu Şəmsə ötürməli oldum, meşədə telefonun ekranını yaxşı görə bilmirdim. Dəstənin başında elə Şəms getməli idi. Yolda müxtəlif “tələ”, “pusqu” da ola bilərdi. Hər şübhəli görünən maneənin yanından ehtiyatla getməli idik. Ekstremal şəraitin tələbinə uyğun.
Birlikdə hərəkət etmək üçün bir neçə tədbir gördük. Məsələn, məndə olan düyməli, daşdöyən telefona kənarda bizimlə əlaqədə olan şəxsin, həmçinin Şəmsdəki smartfonun nömrəsini qeyd etdik. Qrupun hər bir üzvü bir-iki telefonu əzbər yadda saxlamalı idi, itdiyi halda özü barədə məlumat verməyi bacarsın deyə. Şəmsin smartfonu itdiyi halda əlavə telefonla onun yerini tapmaq mümkün olacaqdı.
Aramızda şərti işarə də qəbul etdik. Ən vacibi bu ağır tapşırığın öhdəsindən gəlmək idi.
Əlbəttə, irəlidə gedən Şəms təcrübəsizlik səbəbindən səhvlərə yol verdi, artıq məsafə də qət etməli olduq, amma sona kimi getdik. Elə yer oldu keçə bilmədik, otun hündürlüyü, sıxlığı imkan vermədi.
Şəms fiziki hazırlığı elə də yaxşı olmayan Ayseldən çox narazılıq etdi, nə qədər çığırdı, ləng tərpəndiyimizə görə məni, İsa Taralovu xoşlamadı bəlkə. “Bunlar olmasaydı, tələb olunan yerə tez çatardım” düşüncəsini heç gizlətmədi də. Amma bu, komanda yarışı idi, hər kəs bir-birini nəzərdən ötürmədən son mənzilə yetməli idi.
Təlim həmin günlə bitmədi, sonra bu komanda ilə birlikdə ekstremal şəraitdə qida əldə etmək, gizlənmək üçün xüsusi bir yer hazırlamaq, düşmənin görə bilmədiyi bir ocaq qalamaq, sürətlə axan çaydan keçmək kimi tapşırıq paketini də yerinə yetirdik. Qızdırmalı olsa da, bizə qoşulan Vüsal Arifsoy bir neçə dəfə çala qazmalı oldu, çünki hər yeni çaladan su çıxdı, ocaq qalamaq alınmadı.
Şəms ağac parçasından xüsusi bir silah hazırlayıb qurbağa tutmağa da getdi. Sahədən kartof da “oğurladıq”, yarpız da yığdıq.
Ekstremal təlim şəraitində Şəms çox sərt görünsə də, əslində, bunu bir məcburiyyətdən doğan oyun bilirəm. Xeyirxah təbiətini, qadın incəliyini gizlətmək üçün müəyyən bir rol oynamalı idi, vəziyyət tələb edirdi. Geri dönəndən sonra fikir verdim: Şəms sərt rəftar etdiyi Ayseli elə hey tumarlayırdı.
***
Bir az yaşlı jurnalistlərlə dərdləşəndə söhbətimiz gəlib gənc nəsillə yekunlaşır. Kimi deyir biz mogikanıq, sonra gələnlərdən jurnalist olmayacaq. Bir başqası deyir heç nə bacarmırlar, jurnalist belə olmalıdır, elə olmalıdır. Necə olmayacaq? Bəs 10 kilometr yolu rahatlıqla dəf edən Şəms, ayağının dəfələrlə büdrəməsinə baxmayaraq yolundan qalmayan Aysel, qızdırması olduğu halda komandasını tərk edib getmək istəməyən Vüsal, smartfon asılılığını dəf etmək üçün təlimdə 10 gün telefona yaxın getməyən İsa jurnalist ola bilməyəcəksə, kim olacaq?
Yəqin “jurnalist olmayacaq” ifadəsindən birdəfəlik imtina etməliyik. Gənc jurnalisti həvəsdən salmaqdan başqa bir nəyəsə yaramır bu fikir. Kimin harada olacağını bir tək Allah bilir yəqin.
Şəms, Aysel, Vüsal, İsa kimi gənclərə verilməlidir jurnalistika meydanı. Hər biri bir xəzinədir.
İsmayıl Rafiqoğlu