Rusiyada fəaliyyətini dayandırmış əsas müxalif nəşrin – “Novaya qazeta”nın lisenziyasının ləğvi tələb olunur. Novator.az xəbər verir ki, belə bir tələblə hökumət qurumu – “Roskomnadzor” məhkəmədə iddia qaldırıb. “Roskomnadzor” informasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarəti həyata keçirən federal xidmətdir.
“Novaya qazeta” 1993-cü ildə təsis olunub, demokratik dəyərlərə bağlılığı, jurnalist araşdırmaları ilə tanınıb. İndiyədək bir neçə əməkdaşı qətlə yetirilmiş qəzetə Dmitri Muratov baş redaktorluq edir. Dmitri Muratov 2021-ci ildə demokratiya və davamlı sülhün bünövrəsi olan ifadə azadlığı uğrunda fəaliyyətinə görə Nobel sülh mükafatına layiq görülüb.
Rusiya 2022-ci il fevralın 24-dən Ukraynada qanlı müharibəyə başlayandan “Roskomnadzor” ölkə mediası üzərində dövlət nəzarətini gücləndirib, yerli və xarici jurnalistlərin, redaksiyaların fəaliyyətinə çoxsaylı məhdudiyyətlər tətbiq edib. Bir sıra kütləvi informasiya vasitəsinin yayımı ya birbaşa hökumətin qərarı ilə, ya da məhdudiyyətlərin doğurduğu çətinliklər ucbatından dayanıb.
“Novaya qazeta” fəaliyyətini martın 28-də dayandırmalı olub. Redaksiya bu qərarı Ukraynada müharibə başlanandan bəri Rusiyanın dövlət orqanlarının qəzetə basqılarının güclənməsi ilə əsaslandırıb. Nəşrin bəyanatında Ukraynada hərbi əməliyyatlar başa çatanadək “Novaya qazeta”nın çap olunmayacağı, qəzetin onlayn versiyasının da fəaliyyət göstərməyəcəyi vurğulanıb.
Qəzetin mühacirət etmiş bir neçə əməkdaşı may ayından Avropada “Novaya qazeta. Yevropa” adlı yeni qəzet buraxmağa başlayıb. Rusiyadakı əməkdaşlar isə Moskvada “Novaya rasskaz-qazeta” adlı jurnal buraxmaq qərarına gəliblər. İyulun 15-də jurnalın ilk sayı – çap variantı işıq üzü görüb, həmçinin onlayn versiya işə salınıb. Bir neçə gün sonra Rusiya Baş Prokurorluğunun tələbi ilə “Roskomnadzor” xidməti “Novaya rasskaz-qazeta”nın saytını (Novaya.no) bloklayıb. Nəticədə Rusiya ərazisində Novaya.no saytına giriş məhdudlaşıb, eyni zamanda redaksiya saytda yenilənmələr etməyi dayandırıb.
Baş Prokurorluq təfərrüatı açıqlamadan saytı Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaqda günahlandırıb. Bu, Ukrayna müharibəsi əleyhinə çıxışları boğmaq üçün Rusiya hakimiyyətinin geniş şəkildə istifadə etdiyi ittihamdır.
İyulun 28-də məlum olub ki, “Roskomnadzor” ümumiyyətlə “Novaya qazeta”nın lisenziyasının ləğvini istəyir. Görünür, hökumət problemi kökündən həll etmək yolunu seçib. Çünki məhkəmə “Novaya qazeta”nın lisenziyasını ləğv etsə, yəqin ki, redaksiyanın başqa layihələr həyata keçirmək, əlavə qəzet-jurnal buraxmaq hüququ da əlindən alınacaq.
“Roskomnadzor” lisenziyanın ləğvi tələbini qəzetin rəsmi xəbərdarlıqlara əməl etməməsi arqumenti ilə əsaslandırıb. Bu il martın 24-də və 28-də “Roskomnadzor” qəzetdə getmiş iki materialın Rusiyada “xarici agent” kimi tanınan quruma aid olduğunu, amma qəzetin bu barədə elan yerləşdirmədiyini bildirib və qəzetdən həmin materiallara düzəliş etməsini, materialların “xarici agent”ə aid olması barədə oxuculara məlumat verməsini tələb edib.
“Novaya qazeta” fəaliyyətini məhz bu tələblərdən, “Roskomnadzor”un ikinci xəbərdarlığını alandan sonra dayandırmaq qərarına gəlib. Qəzet eyni zamanda “Roskomnadzor”un xəbərdarlıqlarının əsassız sayılması üçün məhkəmədə iddia qaldırıb.
Rusiya qanunvericiliyi hər hansı nəşr iki dəfə “Roskomnadzor”un xəbərdarlığına əməl etməyəndə federal xidmətə həmin nəşrin lisenziyasının ləğvi tələbi ilə məhkəmədə iddia qaldırmaq səlahiyyəti verir.
“Novaya qazeta” fəaliyyətini müvəqqəti dayandırıb “Roskomnadzor”un xəbərdarlıqlarını məhkəmədə mübahisə predmetinə çevirəndə məhz bu aqibətdən – lisenziyanın ləğvindən yayınmağı düşünürdü.
İyulun 29-da “Novaya qazeta” bəyan edib ki, “Roskomnadzor”un xəbərdarlıqlarının əsassız sayılması haqda iddiaya məhkəmədə qiymət verilmədiyi bir dövrdə federal xidmətin lisenziyanın ləğvi tələbini qaldırması qanunsuzdur. Qəzet hüquqi müstəvidə mübarizəni davam etdirəcəyini vurğulayıb.
Mənbə: Novayagazeta.eu