Bakıda Zəfər muzeyinin tikintisi ilə əlaqədar sökülməsi qərara alınan yaşayış binasında mənzilini icra hakimiyyətinin qoyduğu şərtlərlə satmaq istəməyən sakinlərin evləri dağıdılır.
11 mərtəbəli bina Xətai rayonunda, Yusif Səfərov küçəsində yerləşir.
Zəfər muzeyinin tikintisi ölkə prezidentinin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncam əsasında aparılır.
Yusif Səfərov küçəsindəki bina dövlət sifarişi əsasında sökülür.
Novator.az-ın məlumatına görə, vəkil Cavad Cavadov “Facebook” şəbəkəsində yazır ki, bina vətəndaşlardan zorla alınır, köçməyən sakinlərin evlərinin qapıları sındırılır, içərisi dağıdılır və bu işlərə Bakı Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi Zülfəli İsmayılov (nəzarət-təftiş şöbəsinin müdiridir) nəzarət edir: “İyulun 27-də hüquqlarını müdafiə etdiyim və mənzilini icra hakimiyyətinin şərtləri ilə satmaq istəməyən Solmaz Həmidovanın mənzilinin (34-cü mənzil, 10-cu mərtəbədə yerləşir) qapısı sındırılıb, mənzilin içərisi dağıdılıb, yaşayışa yararsız hala salınıb. Bütün qanunsuzluqlar müşahidə kameralarına düşüb. Bu, vandallıqdır, barbarlıqdır”.
Binanın qanuni tikildiyini, sakinlərin dövlət reyestrindən çıxarışının (“kupça”) olduğunu xatırladan Cavad Cavadov Bakı Şəhər İcra Hakimiyyətindən vandallığa son qoyulmasını, Baş Prokurorluqdan və Daxili İşlər Nazirliyindən isə qanunsuzluğa rəhbərlik edən, prosesdə iştirak edən şəxslər barəsində cinayət işi başlanmasını istəyib.