Ələsgər Məmmədli
Media hüquqçusu
Baş Prokurorluğun 27 iyul 2022-ci il məlumatında qeyd olunub ki, “Facebook” şəbəkəsində qanunla yayılması qadağan edilən informasiya yerləşdirən Tofiq Şahmuradov (bloqçu, ictimai fəal) barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanıb, Bakının Nizami Rayon Məhkəməsi ona 1 aylıq inzibati həbs cəzası kəsib. Bəs “qanunla qadağan olunmuş” həmin informasiyanın məzmunu haradadır? Hansı qanun həmin məzmunda informasiyanı “sirr”, yaxud məhdudlaşdırılmış informasiya hesab edib? Axı Baş Prokurorluq onun fəaliyyətini tənzimləyən qanuna söykəndiyi zaman da, şəxsin ifadə azadlığını, məlumat azadlığını və ümumiyyətlə azadlığını məhdudlaşdırdıqda da Azərbaycan Konstitusiyasının müddəalarını rəhbər tutmalıdır…
Konstitusiyanın 50-ci maddəsi deyir: “Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır”.
47-ci maddə isə “Hər kəsin fikir və söz azadlığı vardır” deyir.
Bu hüquq və azadlığın məhdudlaşdırılması üçün konkret qanunla qorunan mənafe aydın göstərilməlidir. Prokurorluq şəxsin məlumat azadlığını məhdudlaşdırmaq üçün “qanuni əsas” tapıbsa, aydın şəkildə şəxsin həmin məlumatı hansı tarixdə yaydığını, informasiyanın içərisində qadağan olunan informasiyanın nədən ibarət olduğunu və konkret hansı qanunla həmin məlumatın yayılmasının qadağan edildiyini, onun üzərinə “sirr” qrifinin qoyulduğunu göstərməlidir.
Əgər bu, dövlətin mənafelərini yox, şəxslərin mənafeyini zədələyən məlumatdırsa, o zaman həmin şəxslərin hansı məlumatı zədələyici hesab etdikləri məhkəmədə mübahisələndirildikdən və qərar çıxarıldıqdan sonra onun yığışdırılması tələb edilə bilər. Sadəcə ümumi ifadələrlə “qanunla qadağan olunmuş” deyərək şəxsin konstitusion hüququnu bu qədər kobud şəkildə məhdudlaşdırmaq olmaz.
Əminəm ki, məhkəmə öz qərarında prokurorluğun “sübutunu” heç qiymətləndirmədən, bloqçunun ifadə azadlığını məhdudlaşdırmaq üçün legitim səbəb axtarmadan və demokratik cəmiyyətdə zəruri tədbir kimi onun həbsini əsaslandırmadan qərar elan edib. Çünki məhkəmələr belə təqdimatları rədd edəcək qədər müstəqil, hakimlər belə təqdimatları “çürüdəcək” qədər iradəli deyil.
Bu yanaşma Azərbaycanı hüququn üstünlüyünün tanındığı, demokratik dəyərlərin qorunduğu Avropa Şurası üzvü sırasında yox, üstün sənəd olan konstitusiyanın, habelə ratifikasiya edib əməl edəcəyini öhdəlik kimi qəbul etdiyi Avropa İnsan Hüquqları Konvensiyasının zibilliyə atıldığı ölkə yerinə qoyur. Ötən il Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın əleyhinə ifadə azadlığının pozuntusu motivli 6 qərar qəbul edib. Bu sahədə “lider” ölkəyik.