İyulun 25-də prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin, Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı hər üç məmurla görüşündə tapşırıqlar qoyub: “İlk növbədə rayonlarda vəziyyət geniş təhlil olunmalı, nöqsanlar aşkar edilməli və aradan qaldırılmalıdır.
Son illər bütün rayonlarda geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəb inşa edildi. Rayonların sosial-iqtisadi inkişafına bunun çox böyük töhfəsi oldu. Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz.
Təbii ki, bu infrastruktur layihələri iş yerlərinin yaradılmasına da xidmət göstərib. Sahibkarlar da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər. İş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Çünki ölkə əhalisi artır. Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın. Eyni zamanda biz işsizliklə bağlı mübarizədə də ciddi addımlar atırıq, ödənişli sosial işlərin yaradılması da geniş vüsət alıb. Hər rayon üzrə kvota var. Əfsuslar olsun ki, bəzi rayonlarda insanlar işlərə cəlb olunmayıb, əksinə, onlara çatacaq vəsaiti rayon icra başçıları və digər məsul şəxslər mənimsəyib.
Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilib, bəzilərinin hökmü verilib, bəzilərinin işləri məhkəmədədir. Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və indi bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır.
Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq.
Fəaliyyətinizdə sosial ədalət prinsipinə əməl etməlisiniz. Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür. Biz isə sağlam cəmiyyət qururuq və demək olar ki, bu işdə müvəffəqiyyətlər qazanmışıq. Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir, bizim xarici, daxili siyasətimizi dəstəkləyir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib. Bizim siyasətimiz ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Bizim siyasətimiz nəticəsində Azərbaycan hərbi və ondan sonra siyasi yollarla Ermənistanın işğalçılıq siyasətinə son qoydu, əzəli torpaqlarımızı azad etdi, tarixi ədaləti bərpa etdi, milli qüruru bərpa etdi.
Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət bu diqqəti daim göstərir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə mənzillər, fərdi evlər verilib, minlərlə minik maşını verilib. Bu proses davam etdirilir.
Rayonların inkişafı ilə bağlı özünüz təşəbbüs göstərməlisiniz. Bəzi hallarda yerli icra orqanları bir qədər tənbəllik edirlər, ya gözləyirlər ki, dövlət hansısa layihələr icra edəcək, ya da sahibkar gəlib onların qapısını döyəcək. Belə olan halda bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür. Siz özünüz sahibkarları rayonlarınıza cəlb etməlisiniz, həm yerli sahibkarları, həm də xarici sahibkarları. Xüsusilə nəzərə alsaq ki, Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir və bu rayonların füsunkar təbiəti bizim böyük sərvətimizdir – meşələr, dağlar, bulaqlar, çaylar, şəlalələr. Yəni bu rayonları sözün əsl mənasında turizm mərkəzinə çevirmək əsas vəzifələrdən biridir.
Eyni zamanda hər üç rayonda kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar var. Burada da müasir tələblərə uyğun kənd təsərrüfatı yaradılmalıdır. Müasir aqrotexniki tədbirlərin görülməsi, tətbiq edilməsi şərti ilə heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etməlidir. Bununla bağlı olan çox ciddi məsələ torpaqlardan səmərəli istifadə edilməsidir. Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar böyük torpaq sahələrini hasarlayıb, qanunsuz zəbt edib. Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda ya evlər tikilib, ya da o sahələr hasarlanıb kiminsə mülkiyyətinə çevrilib. Biz bu məsələni bu yaxınlarda ciddi araşdırmağa başladıq və gördük ki, burada çox böyük pozuntular var, torpaqların qanunsuz zəbt edilməsi prosesi əfsuslar olsun ki, geniş vüsət alıb.
Bu hallara qarşı çox ciddi mübarizə aparılır. İdarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz. Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Ona görə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır.
Əminəm ki, hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problem aradan qaldırılacaq. Dövlətin siyasəti bundan ibarətdir. Mən hər zaman Azərbaycan dövlətinin siyasətini birmənalı şəkildə ifadə edirdim, bunu ictimaiyyətə təqdim edirdim. Mənim bir çox çıxışım ictimaiyyət qarşısında hesabat xarakterli çıxışlardır və eyni zamanda bütün dövlət məmurlarına, o cümlədən sahibkarlara dediyim sözlər hesab edirəm ki, əsas olmalıdır.
Rəhbərlik edəcəyiniz rayonlarda işlərin daha yaxşı getməsi üçün ictimai nəzarət olmalıdır. Siz ictimai nəzarətdən çəkinməməlisiniz. İctimai nəzarət, ictimaiyyətin fəallığı, problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi sizin işinizə kömək göstərəcək. Ona görə insanlarla bir yerdə olmalısınız, ictimaiyyətlə bir yerdə olmalısınız və biz ancaq bu yolla ölkəmizi inkişaf etdirə bilərik”.