Media Hüququ Qrupu 2022-ci ilin ilk yarısı üzrə hesabat yayıb. Hüquqşünaslar Ələsgər Məmmədli və Xalid Ağalıyevin yaratdığı qrupun hesabatı media, jurnalistlərlə əlaqəli insidentlərin monitorinqinə, analizinə əsaslanır.
Açıqlamaya görə, yanvar-iyun aylarında Azərbaycanda 80-dən çox insident qeydə alınıb: “Ölkədə medianın durumu ilə bağlı ciddi irəliləyiş nəzərə çarpmır. Beynəlxalq qurumların reytinqlərində Azərbaycanın mövqeyi, demək olar, əvvəlki kimi qalır, yalnız “Sərhədsiz reportyorlar” təşkilatının son reytinqində əvvəlki illərə nəzərən cüzi irəliləyiş görünür. Həmin sənəddə Azərbaycan 180 ölkə arasında 154-cü yerdə göstərilir. 2020-ci ilin hesabatında Azərbaycan 168-ci pillədə idi.
Rəsmi mənbələrə əsasən, Azərbaycanda qeydiyyatdan keçmiş kütləvi informasiya vasitələrinin sayı 5000-ni ötüb, ancaq bu say reallıqda fəaliyyət göstərənlərlə uyğunsuzluq təşkil edir.
Media sahəsində özünütənzimləmə funksiyasını həyata keçirməli olan Mətbuat Şurası fəaliyyətsizdir, qurumun idarəçiliyi yenilənmir, o, hökumətin nəzarətindədir, media azadlığını neqativ təsirləndirən qanun layihələrinin fəal dəstəkçisi kimi çıxış edir.
Hökumət 2021-ci ilin əvvəlində çap və internet mediasına dəstək missiyalı Medianın İnkişafı Agentliyi yaradıb. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun bazasında yaradılan agentlik məzmunca sələfindən fərqli görünmür – dövlət büdcəsindən agentliyə maliyyə ayrılır, agentlik həmin maliyyəni qrant müsabiqələri vasitəsilə çap və internet mediası arasında bölüşdürür. Əvvəl çap mediası həmin maliyyədən asılı durumda idi, indi internet mediası da belə situasiya ilə üzləşib.
2022-ci ilin birinci yarısında Azərbaycanda jurnalistlər, mediada çalışanlarla bağlı baş vermiş insidentlərin analizi göstərir ki, başlıca problem qoruyucu qanuni mexanizmlərin işlək olmamasıdır. Milli qanunvericilik jurnalist fəaliyyətini kənar müdaxilələrdən qoruyan tənzimləmələri nəzərdə tutur. Məsələn, peşə fəaliyyətini yerinə yetirən jurnalistə qarşı zorakılıq cinayət məsuliyyəti yaradır. Jurnalistə informasiya verməyən, informasiya sorğusunu cavablandırmayan ictimai informasiya sahiblərini inzibati məsuliyyət gözləyir. Ancaq bu normaların heç biri tətbiq edilmir.
Digər diqqət çəkən problem son aylarda böhtan və təhqirə görə cinayət cəzaları müəyyən edən qanunlardan istifadənin yayğınlaşmasıdır.
Yarım ildə peşə fəaliyyətini yerinə yetirən jurnalistlərin fiziki-psixoloji basqıya məruz qalması ilə bağlı azı 30 insident qeydə alınıb. İctimai maraq çərçivəsində olan kiçik etiraz aksiyaları, tədbirlərlə bağlı informasiyaları əsasən müstəqil, tənqidçi internet mediası təmsilçiləri toplayıb yayır. Peşə fəaliyyətini yerinə yetirərkən basqı ilə üzləşən jurnalistlərin əksəriyyəti də elə həmin mediaların təmsilçiləri olublar.
İctimai maraq dairəsində olan mövzuları araşdırmaları ilə tanınan jurnalistlər üçün fəaliyyət ortamının təhlükəsiz olduğunu söyləmək mümkün deyil. Yarım ildə jurnalistlər bir neçə dəfə peşə fəaliyyətlərinə görə fiziki, habelə telefonla zəng etməklə təhdidlə üzləşiblər.
Əvvəlki illərlə müqayisədə yayğın olmasa da, jurnalistlərə qarşı şübhəli cinayət işlərinin açılması, onların ölkədən çıxışına qadağa qoyulması tendensiyası 2022-ci ilin birinci yarısında da nəzərə çarpıb.
İnternet resursları, jurnalistlər, mediada çalışanlar 2022-ci ilin birinci yarısında bir neçə dəfə kiber məkanda insidentlə üzləşiblər.
Hazırda müntəzəm jurnalist fəaliyyəti ilə məşğul olan azı 4 jurnalist həbsxanada cəza çəkir.
Peşə fəaliyyətini yerinə yetirən jurnalistlərin informasiya toplamalarına maneçilik yaradılması jurnalistlərin bu sahədə üzləşdikləri əsas problemlərdəndir. Yarım ildə jurnalistlər 17 dəfədən çox belə insidentlə qarşılaşıblar.
Açıq keçirilən məhkəmə proseslərindən bilgi toplanması əsasən tənqidi mövqeyi ilə seçilən media təmsilçiləri üçün problemlidir.
Sorğular vasitəsilə bilgi əldə edilməsi problemlidir. Yarım ildə monitorinq altında olan 21 işdə publik bilgi sahibi olan dövlət qurumları onlara göndərilmiş informasiya sorğularının heç birinə münasibətdə “İnformasiya əldə edilməsi haqqında” qanunun tələblərinə əməl etməyiblər, sorğuların heç biri tam cavablandırlmayıb.
2022-ci ilin birinci yarısında ümumilikdə media sahəsində əsas hadisə “Media haqqında” qanunun qüvvəyə minməsidir. İctimai müzakirə testindən keçmədən, media azadlığı ilə bağlı konstitusional və konvensional şərtlərə qətiyyən uyğun gəlməyən yeni qanun fevral ayında qüvvəyə minib. Qanunun ümumi mətni mücərrəd, anlayışlar dolaşıqdır, media, jurnalistika fəaliyyətini tamamilə dövlət tənzimləməsinə tabe etdirmək məzmunu daşıyır”.
Novator.az bildirir ki, Media Hüququ Qrupunun hesabatında bu tövsiyələr yer alır: “Media haqqında” qanunun tətbiqi dayandırılmalı, yeni qanun hazırlanmalıdır, bu mümkün olmazsa, qanunun media azadlığına açıq-aşkar buxovlayıcı təsir göstərən müddəaları təcili dəyişdirilməlidir; peşə fəaliyyətini yerinə yetirən jurnalistlərə qarşı bütün fiziki, psixoloji basqı hallarının təhqiqatı aparılmalı, günahkarlar qanunvericilik çərçivəsində mühakimə olunmalıdır; əlaqəli hüquq mühafizə qurumları jurnalistlərin qanuni peşə fəaliyyətini həyata keçirərkən üzləşdikləri basqı olaylarını, onların bilgi toplamasına yaradılan əngəlləri operativ araşdırmalı, jurnalistlərə münasibətdə qanunvericiliyin pozuntusuna yol vermiş rəsmilər və digər şəxslər barəsində qanuni ölçülər götürülməlidir; ictimai olaylar – toplantılar, piket və digər aksiyalar, etirazlar zamanı görəvləndirilmiş rəsmilərin jurnalistlərlə aydın davranış qaydaları hazırlanmalıdır; kütləvi aksiyalardan, toplantılardan bilgi toplayan jurnalistlər təlimləndirilməli, onlar üçün yazılı davranış qaydaları hazırlanıb təqdim edilməlidir; Ali Məhkəmənin Plenumu Cinayət Məcəlləsinin jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmağa görə cəza nəzərdə tutan maddəsinin tətbiqi ilə bağlı tövsiyə qərarı qəbul etməlidir; medianın, jurnalistlərin ictimai bilgilərə çatımına müdaxilələrə görə cəzalar nəzərdə tutan inzibati qanunvericilik işə salınmalıdır; böhtana və təhqirə görə cinayət cəzalarının tətbiqinə birdəfəlik son qoyulmalıdır; informasiya əldə etmək hüququnun təmin olunmasına nəzarət edən Ombudsman Aparatına vəzifələri xatırladılmalı, bu qurumun daha effektiv işi üçün hüquqi mexanizmlərin inkişaf etdirilməsi, ona gərəkli maddi-texniki-kadr dəstəyi təmin olunmalıdır; hökumət bütün dövlət qurumlarında informasiya sorğularının icrası, bilgilərə asan və tez çatımın təmin olunması üçün qərarlar verməlidir; informasiya əldə etmək hüququ ilə bağlı məhkəmə təcrübəsi inkişaf etdirilməli, Ali Məhkəmənin Plenumu Avropa İnsan Hüquqları Məhkəməsinin bilgi azadlığı ilə bağlı nümunəvi qərarlarının işığında qərar qəbul etməlidir.