ABŞ-ın “Vaşinqton Post” qəzetində “Baydenin COVİD-ə yoluxması ölkə üçün ibrətamiz hadisədir” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin şərhçisi Lina Vendir. Novator.az saytı məqaləni ingiliscədən çevirib oxuculara təqdim edir.
ABŞ prezidenti Cozef Baydenin COVİD-19 virusuna yoluxması, nə qədər qəribə də olsa, onun administrasiyasına öz liderinin pandemiya ilə mübarizədə uğurunu nümayiş etdirmək imkanı verir.
Baydenin koronavirusa yoluxması təəccüb doğurmamalıdır. Onun ətrafındakı insanlar, o cümlədən vitse-prezident Kamala Harris, bir neçə nazir, Nümayəndələr Palatasının sədri Nensi Pelosi, Demokratlar Partiyasının Senatdakı fraksiyasının lideri Çarlz Şumer çoxdan bu infeksiyaya yoluxublar.
Düzünə qalsa, saysız-hesabsız ictimai tədbirlərə qatıldığını, qucaqlaşmağa, əl sıxmağa meyilli olduğunu nəzərə alsaq, Baydenin indiyə qədər infeksiyaya yoluxmaması təəccüb doğurmalıdır.
Bayden koronavirus xəstəliyini yüngül keçirir və güman ki, sağalanadək belə də olacaq.
Əslində yaşına görə o, risk qrupundadır. Ancaq Bayden COVİD-ə qarşı iki dozada, yəni tam peyvənd olunub, üstəlik, iki dəfə də buster (gücləndirici) doza qəbul edib. Bu isə onun koronavirus xəstəliyini ağır formada keçirməkdən yetərincə sığortalanması deməkdir.
Bayden həmçinin ona koronavirus diaqnozu qoyulan kimi “Paxlovid” dərmanı qəbul edib. Həb şəklində olan bu dərman koronavirus riski yüksək olan xəstələrdə simptomlar başlanandan dərhal sonra istifadə üçün nəzərdə tutulub. Xəstəliyin erkən mərhələsində qəbul edildikdə “Paxlovid” pasiyentin xəstəxanaya düşəcək dərəcədə ağırlaşması ehtimalını və onun ölməsi riskini 90 faiz azalda bilir.
Bayden və onun səhiyyə komandası, habelə administrasiyanın digər rəsmiləri prezidentə COVİD diaqnozu qoyulandan sonra ən doğru addımları atdılar. Test cavabı müsbət çıxan kimi Baydenin bütün əməkdaşları kütləvi tədbirləri ləğv etdilər. Prezident təcrid olundu və Ağ evdə çalışanların sayı minimuma endirildi. Administrasiya Baydenlə təmasda olmuş şəxsləri məlumatlandırmağa başladı ki, onlar vaxtında təhlükəsizlik tədbirləri görsünlər, testdən keçsinlər.
ABŞ prezidentinin müntəzəm olaraq testdən keçməsi də təqdirəlayiq haldır. Bayden test cavabı pozitiv çıxandan cəmi iki gün qabaq da test vermiş və cavab neqativ olmuşdu.
Vaxtaşırı testdən keçmək iki səbəbdən vacibdir: birincisi, bu, kontaktları daha dəqiq və vaxtında izləməyə, ikincisi, infeksiyaya qarşı vaxtında müalicəyə başlamağa imkan verir.
Yoluxmuş insan nə qədər tez “Paxlovid” həbi qəbul etsə, dərmanın effekti bir o qədər çox olar, pasiyent virusu ətrafa bir o qədər az yayar və xəstəliyi daha rahat keçirər, ağırlaşma ehtimalı minimuma düşər.
Bütün bunlar amerkalılara bir dərs olmalıdır. Bayden öz xəstəliyindən ictimaiyyəti məlumatlandırmaq, maarifləndirmək üçün istifadə etməlidir. O, əlçatan vasitələrdən yararlananda COVİD-19 infeksiyasının faktiki nəzarət edilə biləcək bir xəstəlik olduğunu ictimaiyyətə çatdırmalıdır.
Özündə xəstəliyin simptomlarını duyan hər kəs təcili testdən keçməli, nəticə pozitiv çıxsa, dərhal özünü təcrid etməlidir. Qoy insanlar bilsinlər ki, lazımi tədbirlər vaxtında görülməlidir. Bəlli müalicə üsullarından yararlanmaq gərəkdir. Virusun üstünə nə qədər tez düşsən bir o qədər yaxşıdır. “Paxlovid”in qəbuluna başlamaq üçün simptomların kəskinləşməsini gözləmək lazım deyil.
İbrət götürüləcək daha bir məqam odur ki, hər kəs, ABŞ prezidenti də koronavirusa yoluxa bilər, ona görə peyvəndlənmə və təkrar vaksinasiya vacibdir.
Baydenin koronavirusa yoluxması vaksinlərin təsirsiz olması anlamına gəlmir, əksinə, məhz peyvəndlərin təsiri nəticəsində o, ağırlaşmayıb, xəstəliyi rahat keçirir.
Bayden bütün bunları əhalinin diqqətinə çatdırmalı, peyvəndləndiyini xatırlatmalı, vaksinlərin sayəsində indi hər şeyin qaydasında olduğunu vurğulamalıdır.
Bayden həmçinin koronavirusa yoluxmasını ləngitmək istəyənlərə qapalı məkanlarda maska taxmağı, kütləvi tədbirlərdən əvvəl testdən keçməyi tövsiyə edə bilər. Əmin olun ki, Baydenin indiyədək virusa yoluxmasının qarşısını məhz bunlar alıb.
Amma ciddi ehtiyat tədbirlərinə baxmayaraq Bayden də virusa yoluxdu. Bu, virusun meydana çıxan yeni növlərinin nə qədər yoluxucu, COVİD infeksiyasından qaçmağın nə qədər çətin, faktiki qeyri-mümkün olduğuna dəlalət edir.
Koronavirusa yoluxmağa töhmət, yaxud uğursuzluq kimi baxılmamalıdır. Əslində bu, gələcəyin yeni normasıdır. Yəqin ki, Bayden koronavirusa bir də yoluxacaq. Hamımız kimi o da ildə bir dəfə və ya bir neçə dəfə bu virusa yoluxa bilər.
Baydenin vəziyyəti ağırlaşa bilərmi? Onda qızdırma, bədən ağrıları, öskürək və başqa uzunmüddətli simptomlar ola bilər. Ancaq onun xəstəxanaya düşəcək dərəcədə ağırlaşacağına inanmaq çətindir.
Bu, Baydenə fürsət verir ki, Amerika xalqı ilə həmişə dürüst davrandığı ilə öyünsün. Əvvəlki prezident Donald Tramp da xəstələnmişdi, amma o, ehtiyat tədbirlərinə qəsdən həqarətlə yanaşırdı və bu, cəmiyyətdə çaşqınlıq yaratmışdı. İndi Baydenin xəstələnməsi, bunun açıq şəkildə elan olunması onun Trampdan hər məsələdə çox fərqləndiyini göstərir.
Hazırda ABŞ prezidenti iş başındadır, bütün vəzifələrini yerinə yetirir. Ayrı cür ola da bilməz. Baydenin rəhbərliyi sayəsində Birləşmiş Ştatlar son iki ildə peyvəndlər, müayinə-müalicə sahəsində o qədər böyük uğurlar əldə edib ki, prezident virusa yoluxsa belə işlər qaydasında gedir və gedəcək.
Mənbə: Washingtonpost.com