İyulun 22-də sərəncamlar imzalayan prezident İlham Əliyev Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin müşahidə şuralarının tərkiblərini təsdiqləyib.
Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasına sədrlik Emin Hüseynova (Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) prezidentin xüsusi nümayəndəsi) həvalə olunub. Üzvlər bunlardır: Səməd Bəşirli –iqtisadiyyat nazirinin müavini, Sarvan Cəfərov – kənd təsərrüfatı nazirinin müavini, Namiq Hümmətov – Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini, Azadə Hüseynova – Dövlət Turizm Agentliyi sədrinin müavini.
Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasına Vahid Hacıyev (Zəngilan rayonunda prezidentin xüsusi nümayəndəsi) sədrlik edəcək. Üzvlər bu şəxslərdir: Sahib Məmmədov –iqtisadiyyat nazirinin müavini, Sarvan Cəfərov – kənd təsərrüfatı nazirinin müavini, Vüqar Kərimov – ekologiya və təbii sərvətlər nazirinin müavini, Namiq Hümmətov – Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini.
İyulun 21-də yaradılmış hər iki xidmət bölgələrin işğaldan azad ərazilərinə əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərəcək.
Xidmətlərin fəaliyyətinə cari rəhbərliyi müşahidə şuralarının vəzifəyə təyin etdiyi icraçı direktorlar həyata keçirəcək.
Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları, Şərqi Zəngəzur iqtisadi rayonuna Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları daxildir.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib. 2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
19 yanvar 2021-ci ildə işğaldan azad ərazilərdə prezidentin xüsusi nümayəndəlikləri yaradılıb.
İlk nümayəndə həmin il yanvarın 27-də Şuşa rayonuna təyin edilib: Aydın Kərimov.
2021-ci il mayın 24-dən Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində (Ağdam şəhəri daxil olmaqla) prezidentin xüsusi nümayəndəsi olmuş Emin Hüseynov həmin il dekabrın 1-dən Qarabağ iqtisadi rayonunun işğaldan azad edilmiş ərazilərində (Şuşa rayonu istisna olmaqla) prezidentin xüsusi nümayəndəsidir.
2022-ci il mayın 4-də Vahid Hacıyev prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin edilib.