Böyük Britaniyanın “The Telegraph” qəzetində “Putin Ukraynada kütləvi itkilərdən sonra əsgər yığmaq üçün həbsxanalarda reyd keçirir” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin əməkdaşı Tom Riisdir. Novator.az saytı məqaləni ingilis dilindən çevirərək təqdim edir.
Kremlin Ukraynada on minlərlə hərbçi itirəndən sonra qoşunları saxlamaq uğrunda mübarizə apardığı bir dövrdə prezident Vladimir Putin həbsxanalardan və Rusiyanın ən kasıb bölgələrindən orduya əsgər yığır.
Qərb rəsmiləri hesab edirlər ki, rejim Rusiyanın iri şəhərlərinin kütləvi səfərbərliyi dəstəkləyəcəyinə əmin olmadığına görə orduda əsgər sayını tənzimləmək üçün getdikcə daha çarəsiz üsullara əl atır.
Rəsmilərin dediyinə görə, Rusiya hərbçiləri ölkənin ən yoxsul təbəqəsi arasında çox fəal iş aparır, həbsxanalarda dustaqları muzdla orduya cəlb edir. Həmçinin yaşlı insanların orduya yazılmasına şərait yaradılır.
Məlumatlı mənbələr bildirirlər ki, hakimiyyət iri şəhərləri muzdlu xidmətə qəbul prosesindən kənarda saxlayıb, çünki belə şəhərlərdə müharibəyə dəstək aşağı səviyyədədir.
Bugünlərdə Rusiyanın Müdafiə Nazirliyi də Ukraynadakı itkilərin Moskvanı ödənişli qulluğun qeyri-ənənəvi formalarından istifadəyə vadar etdiyini açıqlayıb. Bu həm də muzdlu xidmət sahəsində problemlərin etirafı deməkdir.
Məlumatlı mənbələr qeyd edirlər ki, həbsxanalarda cəza çəkən dustaqların Rusiyanın muzdlulardan ibarət qeyri-rəsmi hərbi birləşməsinə – “Vaqner” qrupuna cəlb olunması da bu prosesin bir hissəsidir.
Deyilənlər doğrudursa, onda Rusiyanın ordudakı itkilərin yerini doldurmağa çətinlik çəkdiyi bəlli olur.
Qərb məmurlarından biri deyir: “Belə görünür ki, onlar gerçəkdən hər vəchlə tətik sıxanların sayını artırmağa çalışırlar, amma o biri yandan da faktiki kütləvi şəkildə silaha sarılmağa çağırış etmir, belə çağırışlardan yayınırlar. Çünki bilirlər ki, Moskva, Sankt-Peterburq, Yekaterinburq və digər şəhərlərin əhalisi buna hazır deyil”.
Uğursuz döyüşlər rus qoşunlarının sıralarını seyrəldib. Ukrayna hərbçiləri köhnəlmiş silah-sursatla təchiz edilən və döyüşə göndərilməzdən qabaq cəmisi bir neçə gün təlim keçən rus qoşunlarının indiyədək 40 minə yaxın itki verdiyini iddia edirlər. Qərbin hesablamasına görə, itkilərin sayı bundan azdır, amma yenə on minlərlə ölçülür.
Rusiya iqtisadiyyatına ən ağır zərbənin neft embarqosu tipli sanksiyaların qüvvəyə minəcəyi dövrdə, yəni payızda dəyəcəyinə gəlincə, rəsmilər bəyan edirlər ki, əslində Qərbin özündə də belə bir gözləmə yoxdur.
Müharibə başlanandan Rusiyada səfərbərliyin elan olunacağı barədə söz-söhbət gəzir, lakin ordunu möhkəmlətməkdən ötrü çox çabalasa da, Putin mülki əhalini kütləvi surətdə döyüşə göndərmək istəyini cilovlaya bilir.
Ötən ay Böyük Britaniya kəşfiyyatı Donetskdə Rusiyanın dəstəklədiyi separatçı qüvvələrin 55 faizinin sıradan çıxdığını hesablayıb və bütövlükdə Donbasdakı itkiləri fövqəladə hal kimi dəyərləndirib.
Rus ordusunda əhval-ruhiyyənin aşağı olduğu və orduya yeni cəlb edilənlərə döyüşdən qabaq cəmi 3-7 gün təlim keçildiyi bildirilir.
Britaniyanın Müdafiə Nazirliyi qeyd edir ki, çox güman, Rusiyanın Ukraynada irəliləməsinə mane olan səbəblərdən biri də qoşunların sıralarındakı seyrəlmədir.
Nazirliyin açıqlamasında vurğulanır ki, gərgin döyüş şəraitində planlı fasilələrin olmaması Rusiya Müdafiə Nazirliyinin müharibə zonasında yerləşdirdiyi qüvvələrə münasibətdə həll etməyə çalışdığı saysız-hesabsız kadr problemləri içində ən ciddi, ən ağır problemlərdən biridir.
Kreml hücuma başlayanda Ukraynanın əsas şəhərlərini bir neçə günə ələ keçirəcəyini düşünürdü. Ancaq Rusiya Qərbin maliyyə və silah-sursatla təmin etdiyi Ukrayna ordusunun sərt müqaviməti ilə üzləşdi.
Ard-arda hərbi uğursuzluqlar Kremli öz səylərini yenidən Ukraynanın şərqinə yönəltmək məcburiyyətində qoydu. Lakin Luqanskı ələ keçirsə də, Rusiya ləng irəliləyir.
Mənbə: Telegraph.co.uk