Əli Kərimli
AXCP sədri
İlham Əliyev 10 noyabr 2020-ci il razılaşması ilə Rusiya ordusunu Qarabağa yerləşdirən zaman biz buna etiraz etdik. Həm də izah etdik ki, İlham Əliyevin Paşinyan və Putinlə imzaladığı razılaşmada yazıldığına görə, “sülhməramlılar” regiona erməni silahlı qüvvələrinin çıxarılmasına paralel yerləşdirilməli idi, ancaq erməni silahlı qüvvələri Qarabağdan çıxmayıb. O zaman bu sadə həqiqəti dilimizə gətirdiyimizə görə İlham Əliyev və onun trol ordusu bizləri “qələbəyə kölgə salmaqda” ittiham edirdi.
İlham Əliyev son çıxışında faktiki etiraf etdi ki, o zamankı mübahisədə biz haqlı olmuşuq. İndi o da etiraf edir ki, üçtərəfli razılaşmada yazılsa da, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmayıb.
İlham Əliyev hər fürsətdə Rusiya “sülhməramlılarını” tərifləyəndə biz ona irad bildirirdik ki, üçtərəfli razılaşmanın yalnız erməni tərəfinə lazım olan müddəaları yerinə yetirilir, Azərbaycana lazım olan müddəalar isə yerinə yetirilmir, belə bir vəziyyətdə razılaşmanın icrasına nəzarət etməli olan Rusiya “sülhməramlılarına” tərif demək səhvdir, bu təriflər rusları gələcəkdə daha da ermənipərəst mövqe tutmağa stimullaşdıracaq.
Buyurun, son çıxışında İlham Əliyev bu məsələdə də bizim haqlı olduğumuzu etiraf edib. Açıq etiraf edib ki, Rusiya “sülhməramlıları” üçtərəfli razılaşmanın Azərbaycana lazım olan müddəalarının yerinə yetirilməsini təmin etmirlər.
İlham Əliyev Zəngəzur dəhlizi populizmi ilə gəncləri coşduranda da biz izah edirdik ki, bu, sadəcə populizmdir, məqsəd diqqəti real problemlərdən yayındırmaqdır. İzah edirdik ki, İlham Əliyevin Putin və Paşinyanla imzaladığı sənəddə bizim ermənilərə verdiyimiz Laçın dəhlizinə adekvat Zəngəzur dəhlizi, təəssüf ki, nəzərdə tutulmayıb. Söhbət sadəcə kommunikasiyaların qarşılıqlı açılmasından gedir, razılaşmaya görə, Ermənistan Zəngilandan Naxçıvana qədər olan yolu açmalıdır, ancaq bu kommunikasiyalar Ermənistanın nəzarətində olan ərazidən keçəcək.
Aradan 20 ay keçəndən sonra İlham Əliyev bu məsələdə də bizim haqlı olduğumuzu etiraf etdi. Bir il bundan qabaq Zəngəzur dəhlizinin hətta zorla alına biləcəyini deyən İlham Əliyev indi xalqa, bizlərə şikayət edir ki, bizə nəinki dəhliz verən yoxdur, heç Naxçıvana gedə bilmək üçün yolu da açmırlar…