Xalid Ağalıyev
Media hüquqçusu, müharibə veteranı
Ağır xəsarətləri olan veteran dostum var, tez-tez görüşüb söhbətləşirik. Həmişə bəzən ifrat diqqətin, bəzən də diqqətsizliyin doğurduğu narahatlıqdan gileylənir. Son görüşdə ancaq mediadan şikayətləndi. İntihar xəbərləri onu çox təsirləndirib…
Medianın, xəbərlərin adamlara böyük təsir gücü var. Əlbəttə, durum elə hal alıb ki, adekvat reaksiya ifadə eləmək də çox çətinləşib. Ancaq jurnalistlər, izləyici dairəsi geniş olan bloqçular, sosial media fəalları daha məsuliyyətli olmalıdır. Anlayıram, tövsiyə, məsləhət almaq ruhunda olanlar çox deyil, lakin peşəkar mediaların, jurnalistlərin əməl etməli olduqları nüanslar var, onları xatırlatmaq hər zaman ancaq fayda gətirər.
İntihar hadisəsi heç bir halda çarəsiz şəxsin cəsur davranışı kimi təqdim edilməməlidir.
Belə xəbərlər medianın ən cəlbedici yerində yer almamalıdır.
İstifadə olunan dil vacibdir – intihar olayı romantik tərzdə təqdim edilməməli, heç bir durum üçün çıxış yolu kimi göstərilməməlidir.
İntihar cəhdi nəticəsində meydana gələn fiziki problemlər, xəsarətlər xəbərləmə vaxtı digərlərinə çəkindirici təsir edəcək məzmunda ifadə edilməlidir.
Xəbərlərdə intihar edənin problemlərinin çözülməsində başqa vasitələrin olduğu vurğulanmalıdır.
İntihar edəni xüsusi bir statusda təqdim etmək olmaz – intiharın ad-san qazanmaq yolu olması mesajı verilməməlidir.
İntihar edənin qərar verməsində rol oynamış səbəblərə aydınlıq gətirilməli, ən altda psixoloji xəstəlik varsa, bunlar mütləq vurgulanmalıdır.
Media intihara yol açan depressiya və ya başqa ruhi pozğunluqların müalicəsinin mümkün olmasını vurğulamalı, necə yardım almağın da yolunu göstərməlidir.
Xəbərlərdə sıxıntısı olanlara yardımçı qurumlar haqda bilgi vermək də lazımdır.