Siyasətçi Tofiq Yaqublu Nazirlər Kabinetinin binası qarşısında piket təşəbbüsündən geri çəkilmir. Novator.az-a danışan siyasətçi deyib ki, aksiya iyulun 20-si gündüz saat 12-yə təyin olunub: “Piketdə quru sərhədlərin açılması tələbi qoyulacaq. Sərhədlərin əsassız olaraq bağlı saxlanması əhaliyə ciddi problemlər yaradır. Pandemiyanın siftə vaxtlarından qalan bu qapanma ləğv edilməlidir.
Təşəbbüskar və təşkilatçı olaraq öncə aksiyanı iyulun 13-nə təyin etmişdim. Bakı Şəhər İcra Hakimiyyəti həmin günə razılıq vermədi, piket barədə müraciətin qanunda nəzərdə tutulan vaxtdan gec göndərildiyini bildirdi. Bununla razılaşdım, qanuni cavab idi.
Təkrar müraciətimdə iyulun 20-də aksiya keçirmək istəyi yer almışdı. Bakı Şəhər İcra Hakimiyyəti həmin müraciətimə qəribə bir cavab göndərib, piketin məqsədəuyğun olmadığını bəyan edib. Konstitusiyanın və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun bir kənara qoyularaq mülahizə əsasında imtina qərarı çıxarılması ilə barışmaq fikrim yoxdur”.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.
2020-ci ilin yazından Azərbaycanda yeni koronavirus infeksiyasına görə xüsusi karantin rejimi tətbiq olunur. Nazirlər Kabineti ölkəyə giriş-çıxışa məhdudiyyətə – quru sərhədlərin vətəndaşlar üçün qapalı olmasına qərar verib, sonuncu dəfə qadağanın müddətini 2022-ci il sentyabrın 1-dək uzadıb.
2022-ci ilin ilk yarısının yekunlarına həsr olunmuş 15 iyul müşavirəsində çıxış edən prezident İlham Əliyev quru sərhədlərin qapalı qalmasını koronavirus infeksiyasını cilovlamaq zərurəti ilə əsaslandırıb: “Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq. Bunu edirik ki, insanların sağlamlığını qoruyaq, insanları itirməyək. Bizim məqsədimiz budur”.