İqtisadçı, REAL Partiyasının funksioneri Natiq Cəfərli qeyri-rəsmi pul dövriyyəsindən yazıb. Novator.az-ın məlumatına görə, o qeyd edir ki, xaricə banklardan kənar, əldən-ələ pul göndərmək sistemi var: “Azərbaycanda kiməsə pul verirsən, Rusiyada, Gürcüstanda, Türkiyədə, hətta Avropa ölkələrinin birində eyni məbləğı geri alırsan. Əks istiqamətdə də çalışan bu mexanizmdə xidmət haqqı ümumi məbləğin uzağı 1 faizidir.
Niyə belə bir xidmətə ehtiyac yaranıb?
Əvvəla, ölkənin bank sistemi “gestapo” kimi işləyir, pul köçürmələrinə məhdudiyyətlər, əngəllər, tələblər var. Səbəb kimi də “çirkli pullarla mübarizəni” göstərirlər. Absurddur. Çirkli pulun son axtarıldığı yer bank olmalıdır, ölkədə elə bir şəffaf sistem yaranmalıdır ki, çirkli pulun yaranma mənbəyi olmasın. Əgər çirkli pul kriminal sahədə yaranırsa, bununla da hüquq mühafizə orqanları məşğul olmalıdır.
İkincisi, varlı məmurlar xaricə pul köçürmələrini müxtəlif üsullarla həyata keçirə, tapşırıqla nəzarətdən kənarda qala bilirlər. Elə imtiyazı olmayanlar haqqında danışdığımız xidmətdən istifadə etməyə məcburdur.
Üçüncüsü, xaricdən mal almaq üçün belə vəsaitlərə tez-tez ehtiyac yaranır, ölkə qanunvericiliyi və tənzimlənən əməliyyatlar iş adamlarına əlavə maneələr yaradır deyə onlar nağd dövriyyəyə üstünlük verir.
Bu “fenomenin” ziyanı nədir?
Hakimiyyət nümayəndələri ölkənin tədiyyə və maliyyə balansını rəsmi rəqəmlərə istinadən izah edir və neftin qiyməti yüksələn kimi fəxrlə tədiyyə və maliyyə balansının müsbət olduğunu, böyük artıqlığın yarandığını vurğulayırlar. Amma görünən odur ki, ölkədən qeyri-rəsmi yollarla, əldən-ələ milyardlarla vəsait çıxarılır və ya həmin cür daxil olur.
Bakıda qanunsuz sahibkarlıqla məşğul olduğu bildirilən bir şəxsin mühakiməsi zamanı məlum olub ki, o, 2019-2021-ci illər ərzində 1 milyard 62 milyon manatlıq əldən-ələ pul dövriyyəsi həyata keçirib. Tək bir şəxs 1 milyard manatdan çox! Bu işlə məşğul olan onlarla insan, qrup olarsa, dövriyyənin həcmini təsəvvür edin.
Təkcə bu fakt ölkədə nə qədər primitiv iqtisadi model, nə həcmdə korrupsiya, nə boyda “kölgə iqtisadiyyatı” olduğunu bir daha əyani sübut edir.
Daha bir sübut odur ki, nə qədər avtoritar sistem olursa-olsun, dünyada iki şeyin – pulun və ideyanın qarşısını almaq mümkün deyil, ağıllı hökumətlər qarşısını almır, insanları deyil, maraqları idarə etməyə çalışır”.