“Anam ahıl vaxtlarından həmişə deyərdi ki, son mənzilə sənin çiyinlərində gedəcəm, ağlamazsan, çünki çox rahat və razı gedəcəm”. Siyasətçi Tofiq Yaqublu anasının ili günü – iyulun 11-də belə yazıb. O qeyd edib ki, anası can üstündə olanda son ziyarətə, vəfat edəndə dəfnə buraxılmayıb, qırx və il mərasimlərində iştirakdan da məhrum olub.
Novator.az bildirir ki, 1961-ci ildə Gürcüstanda, Bolnisi rayonunun İncəoğlu kəndində doğulan Tofiq Yaqublu Birinci Qarabağ müharibəsinin veteranı, Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.
2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub.
Tofiq Yaqublu bəraət istəyi ilə Ali Məhkəməyə şikayət edib.
2021-ci il iyulun 11-də anası vəfat edəndə Tofiq Yaqublu ev dustağı olub, onun dəfnə, yasa getməyinə razılıq verilməyib, məhkəməyə müraciəti isə nəticəsiz qalıb.
Hazırda şərti məhkumluq çəkən siyasətçi üzərində nəzarətə məsul Bakı Şəhər Probasiya İdarəsinə müraciət edərək ata yurdu Gürcüstana səfərinə, anasının ilində iştiraka razılıq istəsə də, yox cavabı alıb.