Bakı Şəhər İcra Hakimiyyəti Nazirlər Kabinetinin binası qarşısına təyin olunmuş 13 iyul piketinə razılıq verməyib. Aksiyanın təşkilatçısı, siyasətçi Tofiq Yaqubluya təqdim olunan bildirişdə qeyd edilib ki, piket barədə müraciət qanunda nəzərdə tutulan vaxtdan gec göndərilib.
“Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna görə, toplantı (yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket) təşkil edən şəxs və ya şəxslər icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidir. Xəbərdarlıq müvafiq toplantının keçiriləcəyi gündən azı 5 iş günü əvvəl təqdim edilməlidir.
13 iyul piketində quru sərhədlərin açılması tələbi qoymaq nəzərdə tutulurdu. Tofiq Yaqublu yazır ki, Bakı Şəhər İcra Hakimiyyətindən imtina cavabı alan kimi aksiyanı iyulun 20-nə keçirmək qərarı verərək bu barədə rəsmi müraciət edib.
2020-ci ilin yazından Azərbaycanda yeni koronavirus infeksiyasına görə xüsusi karantin rejimi tətbiq olunur. Nazirlər Kabineti ölkəyə giriş-çıxışa məhdudiyyətə – quru sərhədlərin vətəndaşlar üçün qapalı olmasına qərar verib, sonuncu dəfə qadağanın müddətini 2022-ci il sentyabrın 1-dək uzadıb.
Novator.az bildirir ki, 1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.