“Kanal 13” internet televiziyasının qurucusu və rəhbəri Əziz Orucov hədələnib. Novator.az-ın məlumatına görə, jurnalist özünün “Facebook” səhifəsində yazır ki, iyulun 7-si axşam saat 7-8 radələrində ailəliklə şəhərə çıxıb: “Sahil bağına təzəcə çatmışdıq ki, hündürboy, 30-35 yaşlarında bir nəfər yaxınlaşdı. Əvvəlcə uşağı öpürmüş kimi davrandı, sonra mənə tərəf çöndü.
Həmin adamı əvvəllər sanki müxtəlif yerlərdə dəfələrlə görmüşəm, amma xatırlaya bilmədim.
Soruşdu:
– Məni tanıdın?
– Yox tanımadım, amma tanış gəlirsən.
– Mən səni yaxşı tanıyıram amma.
– Bəs sən kimsən?
– Bu uşaq olmasa, bilərdin.
– Anlamadım.
– Hər şey qurban uşağa…
– Allah sənin də balalarını qorusun.
– Mən allah-zad tanımıram…
Ardınca Allahı təhqir edib mənə xəbərdarlıq etdi:
– Bir də belə eləsəniz, bilirsən nə olacaq!
Bunu deyib çıxıb getdi.
Adamın sifəti çox tanış gəldi, amma onu ancaq küçədə, yolda gördüyümü düşünürəm.
Mənim şəxsi münasibət zəminində heç kimlə problemim olmayıb. Bu adamı göndərən, tapşırıq verən, öyrədən kimdir bilmirəm, bildiyim odur ki, ictimai yerdə, parkın ortasında məni təhdid elətdirirlər! Tapılacağına və kimliyinin araşdırılacağına zərrə qədər inamım olmasa da, cəmiyyətimizi məlumatlandırmaq istədim.
Mənə ağıl verməyə qalxışan adamlar, öz iradəmlə xalqımın, hüququ pozulanın, məzlumun, haqqın yanındayam! Bütün enerjimi isə ölkəmizin demokratikləşməsinə, Azərbaycanımızın sabahının bu günündən daha yaxşı olmasına, gələcəyimizin firavan olmasına həsr etmişəm. Nə etmişəmsə, düz etdiyimi düşünürəm, indən sonrada davam edəcəm!”
Əziz Orucov 2017-2018-ci illərdə həbsdə olub. O, dövlət qeydiyyatına alınmamış qrant vəsaitlərindən külli miqdarda qanunsuz gəlir əldə etməkdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib, sonra cəza 6 ildən 3 ilə endirilib, eyni zamanda şərti həbslə əvəzlənib. 2020-ci ildə onun üzərindən məhkumluq götürülüb.