Avropa İnsan Hüquqları Məhkəməsi iyulun 7-də mərhum yazıçı-publisist Rafiq Tağının həyat yoldaşı Mailə Tağıyevanın şikayəti üzrə qərarını elan edib. Hüquqşünas Xalid Ağalıyevin yaydığı məlumata görə, məhkəmə Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan yaşamaq hüququnun pozulduğu qənaətinə gəlib, Azərbaycan dövlətinin ərizəçiyə 14 min avro təzminat ödəməsini istəyib.
Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.
Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.
Novator.az bildirir ki, Rafiq Tağı 2011-ci ilin noyabr ayının 19-da Bakıda evlərinin yaxınlığında bıçaqlanıb, 4 gün sonra müalicə aldığı xəstəxanada vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb.
Mailə Tağıyeva Baş Prokurorluğun 2013-cü ildə istintaqı dayandırmasından narazı qalıb, onun yerli məhkəmələrə bu barədə şikayəti isə fayda verməyib.