ABŞ-ın Çindəki səfiri Nikolas Berns rəsmi Pekini Rusiyanın yalanlarına şərik çıxmaqda ittiham edib və buna son qoymağa çağırıb.
Novator.az saytı “Bloomberg” agentliyinə istinadla bildirir ki, iyulun 4-də Çinin Sinxua Universitetinin təşkilatçılığı ilə forum keçirilib. Universitet forumu BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün (ABŞ, Çin, Rusiya, Böyük Britaniya, Fransa) Pekindəki səfirləri arasında fikir mübadiləsi platforması kimi təşkil edib.
“Bloomberg” vurğulayır ki, səfirlərin müzakirəsi Çində son illərdə təşkil olunan ictimai forumlara bənzəməyib, Pekin rejiminin standartlarından kənara çıxıb və sərt şəkil alıb.
ABŞ səfiri Nikolas Berns rəsmi Pekini Rusiyanın saxta təbliğatını təkrarlamaqda günahlandırıb. O deyib ki, Rusiyanın Ukraynada apardığı müharibə dünya nizamına ən böyük təhlükədir. Bununla belə Rusiyanın uydurma arqumentlərlə Ukraynadakı müharibəyə görə NATO-nu ittiham etdiyini söyləyən səfir bildirib ki, Çin hakimiyyəti də bu saxta təbliğata qoşulub, müharibənin baiskarını qıraqda qoyub, Qərbi qınamaqla məşğuldur.
ABŞ prezidenti Cozef Baydenin sözlərini xatırladan səfir diqqətə çatdırıb ki, Pekin dünyanın iki ən böyük iqtisadiyyatı (ABŞ və Çin) arasında rəqabət davasına qalxmazdan qabaq, yaxşı olardı, Moskvaya xidmət etməkdən çəkinsin.
Çin Xarici İşlər Nazirliyi nümayəndələrinin Moskvadan yayılan yalanları təkrarlamasına son qoymağa çağıran Nikolas Berns deyib: “Ümid edirəm nazirliyin nümayəndələri ABŞ-ın guya Ukraynada bioloji silah laboratoriyalarının olduğu haqda yalanlara da son verəcəklər. Bütün bunlar Rusiyanın saxta təbliğatıdır. Təəssüf ki, Çin bu təbliğata dəstək verir”.
2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını işğal edərək özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəni tutaraq həmin ərazilərdə iki separatçı rejim qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır, ölkənin ümumilikdə 126 min kvadrat kilometrdən çox ərazisini zəbt edib.
Mənbə: Bloomberg.com