Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin 28 iyun iclasında müharibə veteranlarına verilən 80 manatlıq prezident təqaüdünün artırılması üzərində iş getdiyini deyib. Novator.az-ın məlumatına görə, nazirin açıqlamasına münasibət bildirən iqtisadçı alim, müxalif ADR Partiyasının sədri Qubad İbadoğlu yazır ki, müharibə veteranlarının təqaüdünün məbləği əslində 2022-ci ilin əvvəlindən artırılmalı idi: “Bu məsələni dəfələrlə qaldırsaq da, siyasi hakimiyyətin müharibə iştirakçılarına ögey münasibəti səbəbindən problem həllini tapmayıb. 2022-ci ilin yenilənmiş dövlət büdcəsinin sosial müdafiə və təminat xərcləri çərçivəsində bunu iyulun 1-dən həyata keçirmək mümkündür. Məsələ qısa zamanda həllini tapmalı, müharibə veteranlarına verilən 80 manatlıq təqaüd ən azı iki dəfə artırılmalı, ən düzü isə yaşayış minimumunun dəyərinə – 210 manata çatdırılmalıdır”.
Müharibə veteranlarına prezident təqaüdünün məbləği 2019-cu il aprelin 1-dən 80 manatdır.
Yaşayış minimumu rəsmi minimum istehlak səbətinə əsaslanır. Səbətə ərzaq məhsulları, qeyri-ərzaq malları, xidmətlər daxildir. 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat (əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar ucun 176 manat, uşaqlar üçün 193 manat) məbləğində təsdiqlənib.
Milli Məclisin 29 iyun iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər son oxunuşdan keçib. Yenilənən büdcədə gəlirlər 29 milyard 197,8 milyon manat, xərclər 32 milyard 303,8 milyon manat göstərilir.
İqtisadi fəaliyyətə 7 milyard 67,9 milyon manat, müdafiə və milli təhlükəsizliyə 5 milyard 84,8 milyon manat, ümumi dövlət xidmətlərinə 4 milyard 355,3 milyon manat, təhsilə 3 milyard 886,6 milyon manat, sosial müdafiə və sosial təminata 3 milyard 728,6 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluğa 2 milyard 482,3 milyon manat, səhiyyəyə 1 milyard 708,8 milyon manat, kənd təsərrüfatına 997,3 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətə 463,2 milyon manat, ətraf mühitin mühafizəsinə 292,2 milyon manat, mənzil və kommunal təsərrüfatına 272,7 milyon manat, əsas bölmələrə aid edilməyən xərclərə 1 milyard 964,1 milyon manat ayırmaq nəzərdə tutulur.