Cənub.az xəbər saytının təsisçisi və baş redaktoru Zahir Əmənovun 70 yaşı tamamlanıb.
1952-ci il təvəllüdlü Zahir Əmənov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Masallı” qəzetinin, “Masallı xəbərləri” qəzetinin, “Cənub xəbərləri” qəzetinin qurucusudur. Bir neçə informasiya agentliyinin və qəzetin cənub bölgəsi üzrə müxbiri olub.
Novator.az-ın məlumatına görə, media hüquqçusu Xalid Ağalıyev yubilyar haqda yazır: “Azərbaycanın bölgələrində jurnalistika ilə məşğul olmaq, müstəqilliyini qorumaq çətindir. Oturuşmuş region medialarını sadalamaq istəsək, heç bir əlin barmaqlarının sayı düzəlmir. Region mediasının yaranışı, oturuşmasında kiçik nailiyyətlər varsa, bu, bir neçə nəfərin fədakarlığının nəticəsidir. Onların birincisi “Cənub xəbərləri” qəzetinin qurucusu Zahir Əmənovdur. Ən ağır şərtlərə rəğmən əvvəl qəzetini, ardınca da onlayn mediasını ayaq üstə tutmağı bacaran Zahir Əmənov 70 yaşı haqlayıb. Təbrik edir, daha bol enerji ilə cənubu xəbərləməyə davam etməsini arzulayıram”.