Əli Kərimli
AXCP sədri
Putin Ukraynada savaşı hansı bəhanə ilə başlamışdı? Guya NATO-nun genişlənməsi, Ukraynanın uzaq gələcəkdə NATO üzvü olmaq ehtimalı Rusiya üçün dəhşətli təhlükə imiş. Bəs NATO-dan nə tələb edirdi? Tələb edirdi ki, yeni üzvlər qəbul etməyəcəyi təminatı versin, bütün hərbi strukturlarını 1997-ci ildən əvvəlki sərhədə çəksin, Şərqi Avropa ölkələrində hərbi qüvvə saxlamasın.
4 aylıq savaşdan sonra Rusiya nə qazanıb? Ukrayna ərazisinin 13 faizini də işğal edib (7 faizini 2014-2015-ci illərdə ələ keçirmişdi). Ancaq yeni işğal dalğasında ordusunun ən azı 25-30 faizini artıq itirib. Üstəlik, NATO Rusiyanın bütün ultimatumlarını rədd edib.
Finlandiya və İsveç NATO-ya üzv olur. Həm NATO daha da güclənir, həm də İsveç və Finlandiyanın təhlükəsizlik qarantiyası yaranır.
Təkcə Finlandiyanın NATO üzvü olması ilə NATO-nu sərhədlərində görmək istəməyən Rusiya daha 1340 kilometr məsafədə NATO ilə qonşu olur.
NATO Şərqi Avropada yerləşdirdiyi çevik hərəkət qüvvələrinin sayını birdən-birə 40 min nəfərdən 300 min nəfərə qaldırır.
NATO ölkələri Rusiyaya qarşı birləşirlər və silahlı qüvvələrini çox ciddi şəkildə böyüdürlər. Polşa ordusunu 150 min nəfərdən 300 min nəfərə qaldırır. Almaniya növbəti 5 ildə ordusuna (illik hərbi büdcəsindən ayrı) 100 milyard avroluq əlavə müasir silahlar alacaq. Fransa hərbi büdcəsini ilbəil 25 faiz artıracaq.
Beləliklə, guya NATO-nu zəiflədəcəyini və sərhədlərinə buraxmayacağını planlayan Rusiya öz səhv siyasəti ilə NATO-nun daha da güclənməsi və Rusiya sərhədlərindəki gücünü 7 dəfə artırması ilə üzləşdi.
Ukraynanın NATO üzvlüyü perspektivinə gəldikdə, indi bu perspektiv daha realdır, nəinki savaşdan əvvəl. Ukrayna Avropa Birliyinə üzv qəbul olunursa, bu o deməkdir ki, birmənalı şəkildə Qərb blokunda təmsil olunacaq. Hələlik isə Ukrayna döyüşə-döyüşə həm də ərazisində bir NATO ordusu formalaşdırır. Ukrayna ordusu NATO standartlarına keçirmi? Keçir. NATO hərbi təhsilinə keçirmi? Keçir. Günbəgün NATO silahları ilə silahlanırmı? Bəli. NATO silahlarından istifadəni NATO təlimçiləri öyrədirmi? Bəli. Ukrayna ordusu NATO içində Rusiyanın ən qatı düşmənidirmi? Bəli. Belə olan halda formallığı kənara qoyub (o da zaman içində həll olunacaq) deyə bilərik ki, elə Ukrayna ordusu da faktiki NATO ordusu olur. Savaş bitəndən sonra isə Rusiya-Ukrayna sərhədi də faktiki Rusiya-NATO sərhədi olacaq. Ancaq bu arada Putinin tək adam hakimiyyəti Rusiyanı iqtisadi, siyasi, hərbi baxımdan 20-30 il geri atacaq.
Avtoritar, tək adam hakimiyyətlərinin hamısı belədir. Dövləti və milli maraqları yox, şəxsi faydalarını, hakimiyyətdə daha çox qalmağı, daha çox oğurlaya bilməyi və hikkələrinin təmin olunmasını düşünərlər. Xalqlar belə hakimiyyətlərin hamısından xilas olmalıdır.