Prezident İlham Əliyev “Qida təhlükəsizliyi haqqında” qanunu imzalayıb. Novator.az bildirir ki, əsas bölümləri 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək qanun Azərbaycan ərazisində insanların, həmçinin heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir, ölkədə ilkin istehsal, istehsal və emal edilən, Azərbaycan ərazisinə idxal olunan qida məhsullarına, habelə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə, qida məhsulları ilə təmasda olan material və məmulatlara, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı mərhələlərinə, Azərbaycanda ilkin istehsal, istehsal və emal edilən, Azərbaycan ərazisinə idxal olunan yem məhsullarına, o cümlədən qida məhsulları əldə edilən və qida məhsulları əldə edilməyən heyvanlar üçün nəzərdə tutulan yem məhsullarına, yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil olunur.
Qanun təhlükəli qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı və dövriyyəsinə yasaq qoyur. Bu hallarda qida məhsulları təhlükəli hesab edilir: qida məhsullarının təhlükəsizlik göstəriciləri üzrə indiki, habelə gələcək nəsillərin həyat və sağlamlığı üçün qısamüddətli və ya uzunmüddətli (kumulyativ toksik təsiri daxil olmaqla) dövrdə zərərli olduğuna dair sübutlar olduqda; qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması, habelə tərkibindəki maddələrin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmaması səbəbindən istehlak üçün yararsız olduqda; qida məhsullarının tərkibində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla qadağan olunmuş inqrediyentlər aşkarlandıqda.
Yem məhsullarının təhlükəli hesab edildiyi hallar belə sıralanır: heyvan sağlamlığına zərərli olmasına dair sübutlar olduqda; heyvan mənşəli qida məhsulunu insan istehlakı üçün yararsız etdikdə.
Təhlükəli hesab edilən qida və yem məhsulu bir bağlamanın, partiyanın, yaxud eyni sinfə və ya təsvirə malik yükün hissəsi olduqda və həmin bağlamada, partiyada və yükdə olan digər qida və yem məhsullarının təhlükəsizliyi barədə sübut tapmaq mümkün olmadıqda həmin bağlamada, partiyada və yaxud yükdə olan bütün qida və yem məhsulları təhlükəli sayılır.