“Neftçi”də oynamış erməni futbolçu ilə “söhbət”
Onun “Neftçi”dən “Ararat”a keçidi gözlənilməz olmuşdu. Sonrakı olaylar – Yohan Kroyffun “Ayaks”dan “Feyenoord”a, Dieqo Maradonanın “Barselona”dan “Napoli”yə, Luiş Fiqunun “Barselona”dan “Real”a transferi kimi.
1970-ci ilin dekabrında 29 yaşın içində olan Eduard Markarovun Bakıdan gedişi qalmaqala gətirmişdi. Həmin ayın 19-da öz təşəbbüsü ilə “İdman” qəzetinə verdiyi müsahibədə “Bir oyunçu belə komandadan getməyəcək və şayiələrin heç bir əsası yoxdur” desə də, ayın 29-da sorağı İrəvandan gəlmişdi. Sonra “Neftçi”nin rəhbərliyinə komandadan getmək ərizəsi göndərmiş və bəlli olmuşdu ki, ərizəni ayın 15-də imzalayıb.
SSRİ Futbol Federasiyası onun bu hərəkətini idman etikasını pozmaq kimi dəyərləndirsə də, yalnız şiddətli töhmət verməklə kifayətlənmişdi.
“Neftçi”nin keçmiş hücumçusu, iyunun 20-də 80 yaşını tamamlayan Eduard Markarovla xəyali “müsahibə”ni təqdim edirik.
– “Neftçi”də 10 mövsüm çıxış etmisiniz və o vaxt çoxları karyeranızı Bakıda bitirəcəyinizi gözləyirdi. Deyilənə görə, mərkəzdə iki eviniz vardı, dörd maşın dəyişmişdiniz: sovet dövründə belə dəbdəbəli həyat çox az adama qismət olurdu. Dəfələrlə “Ararat”dan təklif aldığınız deyilirdi, niyə daha əvvəl getməmişdiniz?
– Bakıdakı şərait məni qane edirdi, bir sözümü iki eləmirdilər. 1966-cı ildə SSRİ çempionatının bürünc medallarını qazanmışdıq, “Ararat” isə ən yaxşı halda növbəti mövsüm 8-ci yeri tutmuşdu. 1962-ci ildən başlayaraq “Neftçi”dən daha aşağı yerlərdə qərarlaşırdı, hətta bir müddət güclülər dəstəsini də tərk etmişdi. Daha zəif komandaya niyə gedim ki?
– Bəs 1970-ci ildə nə baş verdi? Belə söhbət var ki, Bakıdan getməsəydiniz, həbs olunacaqdınız: deyilənə görə, yoldaşlıq görüşləri keçirmək üçün yollandığınız xaricdən saxta çıxan qızılmı, valyutamı gətirmişdiniz, yoxsa çar dövrünün qızıl sikkələrini başqa ölkəyə satmağa aparmışdınız.
Başqa ehtimala görə, 1968-ci ilin aprelində bir hadisə zamanı yaman döyülmüş və bədən xəsarətləri almışdınız, ondan sonra “Neftçi”də ürəklə oynamır, Bakıdan qaçmağa fürsət axtarırmışsınız.
– Məhsuldarlığım aşağı düşmüşdü: 1968-ci ilin SSRİ çempionatında cəmi 7 qol vurmuşdum, növbəti mövsüm 5, daha sonra isə 3 dəfə fərqləndim. Zədələr səbəbindən 1969 və 1970 mövsümlərində keçirdiyim oyun sayı da 20-dən az olmuşdu. “Neftçi”yə xeyir verə bilmirdim, ona görə mühiti dəyişmək qərarına gəldim. Elə “Ararat” da mənə yad komanda deyildi: orada Azərbaycan futbolunun kifayət qədər yetirməsi vardı.
– Belə çıxır Azərbaycan da qonşu respublika üçün futbolçu yetişdirirdi…
– Məsələn, 1975-ci ildə bəzi oyunlarda “Ararat”ın əsas heyətinin az qala yarısını Azərbaycan futbolunun erməni yetirmələri təşkil edib.
– Eşitmişəm ki, “Ararat”da oynayanda soyadınızın Markaryan kimi yazılmasına qarşı çıxmısınız. Ata tərəfdən babanızın adı Ağalar olub və Bakıya Zəngəzurdan köçübmüş. Atanız, özünüz, oğlunuz da Bakıda doğulmusunuz. Ananız Berta Fradkina yəhudi olub. Deyilənə görə, bacınız İrina da azərbaycanlıya ərə gedibmiş…
– İrina da voleybolun “Neftçi”sində oynayırdı. 1966-cı ildə onlar da SSRİ çempionatının bürünc mükafatçısı olmuşdular.
– “Ararat”da hansısa azərbaycanlının kapitan olmasını təsəvvür edirsinizmi? Sovet dövrünün müxtəlif illərində Ermənistanda yaşayan azərbaycanlıların rəsmi sayı həmişə 100 min nəfərdən çox olub, amma qonşu respublikanın əsas komandasında bizimkilərdən heç vaxt heç kim oynamayıb.
– Nəyə işarə vurduğunuzu anladım. Adil Babayev və Valeri Hacıyev həm yaşca məndən böyük idilər, həm də “Neftçi”də məndən daha əvvəl çıxış edirdilər, amma 1965-ci ildən komandanın kapitan sarğısı məhz mənə həvələ olundu. Onda 23 yaşım vardı, heyətdə Kazbek Tuayev və Yaşar Babayev də yaşca məndən böyük idilər.
– Amma siz “Neftçi”yə qarşı necə acıqlı olmusunuzsa, “Ararat”a keçəndən sonra bizimkilərə 3 qol vurmağa da cəsarət etmisiniz. Hətta 1973-cü ildə Bakıda SSRİ kuboku uğrunda oyunda fərqlənməkdən də çəkinməmisiniz.
– “Ararat”a da 2 qol vurmuşam axı. Onlardan birincisi Bakı karyeramda ən gözəl qollardan biridir. 1967-ci ildəki qarşılaşmada başım üzərindən zərbə ilə (şəkildə) topu rəqib qapısından keçirə bilmişdim (1:0). O birini də 1969-cu ildəki oyunda vurmuşam (2:0).
– Yeddi oyunda cəmi iki qol…
– “Ararat”a qarşı tam gücümlə oynamadığımı düşünürsünüz?
– Axı “Neftçi”nin heyətində daha güclü rəqiblərə daha çox qol vurmusunuz: Moskva “Spartak”ına 7, Tbilisi “Dinamo”suna 6, Kiyev “Dinamo”su və Moskva “Torpedo”sunun hərəsinə də 5 qol.
– Ona qalsa, “Neftçi” karyeramda Almatı “Kayrat”ını da iki, Moskva “Lokomotiv”ini isə cəmi bir dəfə məyus etmişəm.
– Sizdən əvvəl də futbolda Bakı-İrəvan, elə əks istiqamətdə də köçlər olmuşdu. Məsələn, 1967-ci ildə rus Aleksandr Syomin “Ararat”dan əvvəl çıxış etdiyi “Neftçi”yə qayıtmış, erməni Sergey Melkumov isə “Neftçi”dən birbaşa “Ararat”a keçmişdi.
– Amma bu transferlər böyük qalmaqal yaratmamışdı.
– Bakıdan müəmmalı qaçışınızdan sonra da Azərbaycan futbolunda ermənilərə qarşı ayrı-seçkilik olmayıb.
– Bilirəm, mən gedəndə “Neftçi”də Aleksandr Mirzoyan da vardı. Amma 1974-cü il mövsümünün gedişində o da Bakını tərk edib “Ararat”a üz tutdu.
– 1972-ci ildə “Neftçi”yə qəbul edilən erməni Sergey Davıdov əvəzedici heyətdə özünü göstərə bilməyib növbəti mövsüm İrəvana yollandı. Daha sonra 1983-cü ildə Artur Aqabekyan və 1985-ci ildə Oleq Sərkisyan “Neftçi”yə cəlb olundular, sonuncu hətta əsas heyətdə iki oyun da keçirdi.
– “Neftçi”nin heyətində SSRİ-nin güclülər dəstəsində ümumilikdə 20-yə yaxın erməni çıxış edib, amma əlahəzrət həqiqət deyir ki, Eduard Markarovdan başqa onlardan heç biri Azərbaycan futbolunda böyük iz buraxmayıb.
– Ümumiyyətlə, Azərbaycan futbolunun tarixinə baxsaq, görərik ki, biz “Roma papasından artıq katolik olmağa” çalışmışıq. Yeri gəldi-gəlmədi, hər zaman, hər sahədə beynəlmiləlçi, kosmopolit, tolerant, liberal…
– Sovet dövründə Tbilisi “Dinamo”su və “Ararat” öz respublikalarının, sözün həqiqi mənasında, milli komandaları idilər. “Neftçi” isə milli deyil, yığma komanda olub. Bakı iri sənaye mərkəzi idi. Varlı şəhər olduğundan ucqarlardan hamı çörək pulu üçün ora axışırdı. Müxtəlif xalqların nümayəndələri Bakıda xoşbəxtlik axtarışında olub. Bu səbəbdən də şəhər beynəlmiləl status daşıyıb. Ona görə “Neftçi”də müxtəlif millətlərin nümayəndələri yer alib. Tbilisi və İrəvan isə daha çox əyalət şəhərləri kimi tanınıblar…
Rasim Mövsümzadə