ABŞ prezidenti Cozef Baydenin imzaladığı, Çində uyğurların məcburi əməyə cəlb olunmasının qarşısını almağa yönəlmiş qanun iyunun 21-dən qüvvəyə minib.
Novator.az xəbər verir ki, qanunu ABŞ Konqresinin aşağı palatası (Nümayəndələr Palatası) 2021-ci ilin dekabr ayının 14-də, yuxarı palatası (Senat) isə dekabrın 16-da qəbul edib.
Prezident Cozef Bayden qanunu 2021-ci il dekabrın 23-də imzalayıb.
Uyğurların məcburi əməyə cəlb olunması yolu ilə istehsal edilən məhsullara qadağa qoyan qanunun tələbinə görə, Amerika şirkətləri xaricdən aldıqları malların qul əməyi ilə hazırlanmadığına dair sübut təqdim etməlidir.
Qanun Amerika şirkətlərinin nəinki tam, qismən məcburi əməkdən istifadə olunmaqla hazırlanmış məhsullar almasını da yasaqlayır.
Belə bir qanunun qəbulu insan haqları sahəsində ciddi uğurlardan sayılır.
Prezident Bayden imzaladıqdan sonra ABŞ-Meksika-Kanada Müqaviləsi (USMCA) əsasında yaradlımış Məcburi Əməyə Qarşı İşçi Qrup qanunun tətbiqi istiqamətində bir sıra tədbirlər görüb, o cümlədən ABŞ hökumətinin ticarət və kəşfiyyat sahələrinə cavabdeh şəxslərlə məsləhətləşmələr apararaq qanunu 1930-cu ilin tariflər haqqında qanununun 307-ci bəndinə uyğunlaşdırmaq üçün strategiya hazırlayıb. 307-ci bənd məcburi əməklə istehsal olunan malların ABŞ-a daxil olmasını qadağan edir.
Hesab edilir ki, uyğurların məcburi əməyə cəlb olunması yolu ilə istehsal edilmiş malların ABŞ-a ixracına yasaq qoyulması uyğurları əsir düşərgələrində qul kimi işlədən və ixrac etdiyi mallarla bağlı standartların sərtləşdirilməsindən çəkinən Çinin iqtisadiyyatına ciddi ziyan vuracaq.
Uyğurlar əsasən Çinin şimal-qərbində yerləşən Sincan Uyğur Muxtar Rayonunda yaşayırlar. Burada milyon yarımdan çox uyğur əsir düşərgələrində saxlanır.
Beynəlxalq qurumların hesabatlarına əsasən, Çində milyonlarla uyğur məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalır, hökumət uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədir.
Dünyanın bir sıra demokratik dövlətləri, o cümlədən ABŞ uyğurlara qarşı hərəkətləri soyqırımına cəhd kimi qiymətləndirir.