Kanadanın hakim Liberal Partiyasından deputat Samir Zuberi minlərlə uyğur qaçqına ölkədə sığınacaq verilməsi təklifi ilə çıxış edib.
Novator.az saytı Kanadanın “The Globe and Mail” qəzetinə istinadla bildirir ki, Samir Zuberi federal hökuməti Çindən qaçqın düşmüş və üçüncü ölkələrdə məskunlaşmış 10 min nəfər uyğuru və türk əsilli digər şəxsləri Kanadada yerləşdirməyə çağırıb.
Kanada parlamentinin bu təklifə payızda baxacağı gözlənir.
İcmalar Palatasında çıxış edərkən Samir Zuberi deyib ki, irəli sürdüyü təklifə dəstək qazanmaq üçün qarşıdakı aylarda fəal iş aparacaq.
Deputatın təklifi Kanada parlamentinin 2021-ci il bəyanatına əsaslanır. Həmin bəyanatda Çindəki kommunist rejimin uyğurlara və digər etnik azlıqlara qarşı soyqırımı törətdiyi vurğulanıb. Sənəddə Miqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyinə tövsiyə edilib ki, müdafiəyə ehtiyacı olan 10 min uyğurun və digər müsəlman türklərin Kanadaya girişi 2024-cü ildən başlayaraq intensivləşdirilsin.
Uyğur əsilli Kanada vətəndaşı, uyğurların hüquqlarının müdafiəsi layihəsinin icraçı direktoru Mehmet Tohti on minlərlə uyğurun və digər türklərin Çindən Yaxın Şərqə və Türkiyəyə qaçdığını, amma onların geri deportasiya olunma riski ilə üzləşdiyini söyləyib. Mehmet Tohti bildirib ki, Çin rejimi xaricdə də uyğurları susdurmağa çalışır və ölkədən qaçanları Çinə qaytarıb cəzalandırmaq istəyir.
Hüquq müdafiəçiləri və media qrupları Çin hökumətinin Sincan Uyğur Muxtar Rayonunda uyğur ailələrin, eləcə də digər etnik azlıqların hüquqlarını ağır formada pozduğunu xəbər verir.
May ayında ABŞ-ın “Associated Press” agentliyi Çinin Sincan Uyğur Muxtar Rayonunda hər 25 nəfərdən birinin terrorçuluq ittihamı ilə məhkum edildiyini və bunun dünyada ən yüksək göstərici olduğunu qeyd edib. Agentlik Sincan Uyğur Muxtar Rayonunun cənubunda yerləşən şəhərlərdən birində – Konaşəhərdə tutulan 10 mindən çox uyğurun siyahısını əldə edib. Bu, məhbus uyğurların adı keçən sənədlər arasında indiyədək əldə olunan ən uzun siyahıdır.
Beynəlxalq qurumların hesabatlarına əsasən, Çində milyonlarla uyğur məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalır, hökumət uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədir.
Kanadanın İcmalar Palatasının Çinin uyğurlara və digər türk azlıqlara qarşı davranışını soyqırımı kimi tanıyan qərarından 16 aya yaxın vaxt keçir.
ABŞ hökuməti, Böyük Britaniya, Niderland, Belçika, Fransa, Litva, Çexiya və İrlandiyanın qanunverici orqanları da Çin hökumətinin uyğurlara qarşı hərəkətlərini soyqırımına cəhdi kimi qiymətləndirib.
Ancaq indiyədək Kanada bu məsələ ilə bağlı ciddi bir addım atmayıb. 2020-ci ilin ortalarında gömrük qanunlarına məcburi əməkdən istifadə etməklə istehsal olunan malların idxalına qadağanı nəzərdə tutan dəyişiklik edilib. Lakin Kanada hökuməti bugünədək məcburi əməkdən istifadə edilməklə istehsal olunmuş hansısa yükü üzə çıxararaq ifşa etməyib.
43 yaşlı Samir Zuberi pakistanlı mühacir oğludur. O, 2019-cu ildən Kanada parlamentinin deputatıdır.
Mənbə: Theglobeandmail.com