2022-ci ilin mayında Azərbaycanın gündəlik xam neft hasilatı 571,3 min barrel olub. Hesabatı iyunun 15-də Energetika Nazirliyi yayıb.
Rəsmi statistikaya əsasən, yanvar-may aylarında ölkədə 13,9 milyon ton neft çıxarılıb. Gündəlik xam neft hasilatı yanvarda 580,9 min barrel, fevralda 566,3 min barrel, martda 579,4 min barrel, apreldə 579,1 min barrel göstərilib.
İri neft ixracatçılarını birləşdirən beynəlxalq koalisiya iyun üçün gündəlik hasilat normasını 695 min barrel, iyul üçün 706 min barrel müəyyən edib.
2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” markalı Azərbaycan neftinin barreli yanvara 82,49, fevrala 94,20, marta 102,30, aprelə 112,33, maya 110,70, iyuna 127,48 dollarla başlayıb.